BAKI, 31 may — Sputnik. İsveçrənin federal məhkəməsi FİFA-nın keçmiş baş katibi Cerom Valkenin futbol fəaliyyətinə qoyulmuş qadağa əleyhinə apelyasiyasını rədd edib.
Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən Valke həmçinin məhkəmə xərclərini qarşılamaq üçün 18 min İsveçrə frankı ödəməlidir. Bundan başqa, Valke FİFA-ya da 20 min İsveçrə frankı həcmində ödəniş etməlidir.
Valkenin adı İsveçrə hüquq-mühafizə orqanları tərəfindən açılmış iki cinayət işində hallanır.
2007-ci ildən FİFA-nın baş katibi vəzifəsini tutmuş Valke, 2015-ci ilin sentyabr ayında bu vəzifədən müvəqqəti olaraq uzaqlaşdırılmışdı. Səbəb kimi onun 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının matçlarına biletlərin qanunsuz satışı mexanizmlərində mümkün iştirakı qeyd olunurdu.
FİFA-nın etika komitəsi 2016-cı ilin fevral ayında Valkeni 12 il müddətində futboldan kənarlaşdırmışdı. Həmin ilin iyun ayında isə bu müddət 10 ilə qədər azaldılmışdı.