BAKI, 29 may — Sputnik. Mayın 27-də Şamaxıda püskürən Məlikçobanlı vulkanı ilk dəfə 1926-cı ildə püskürüb.
Bu barədə Sputnik Azərbaycan-a AMEA-nın Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
O, qeyd edib ki, vulkan 100 il ərzində cəmi 4 dəfə püskürüb. Birinci püskürmə 1926, ikinci 1967, üçüncüsü 1977 və dördüncüsü də bu il olub: "Nisbətən zəif püskürmə baş verib. Ancaq yer səthinə vulkan palçığı çıxıb, axınlar olub. Əvvəl püskürəndə bir az alov oldu. Vulkanın fəaliyyəti artıq dayanıb. Yaxınlığında Məlikçobanlı kəndi var. Zəif püskürmə olduğu üçün kəndə heç bir zərər dəyməyib. Güclü püskürəndə alov sütunu olur, istilik olur. Bu da yaxınlıqdakı ərazilərə və insanlara zərər verə bilər".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Sputnik Azərbaycan-a bildirilib ki, Məlikçobanlı palçıq vulkanında monitorinqlər və ölçmə işləri başa çatıb. Bunu jurnalistlərə açıqlamasında Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Şahmirzə Səfərov bildirib.
Qeyd edilib ki, 27 may 2019-cu il tarixində Şamaxı şəhərinin 12 km cənub qərbində püskürən Məlikçobanlı palçıq vulkanında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən monitorinq və müvafiq ölçmə işləri aparılıb.
Monitorinqlərin nəticələrinə görə, vulkandan çıxan püskürmə məhsulları (brekçiya) 0,5 hektara qədər əraziyə yayılıb. Vulkanın krateri püskürmə məhsulları ilə örtülüb, 150 metr uzunluğunda radial çatlar əmələ gəlib. Püskürmə məhsullarının qalınlığı vulkanın mərkəzində 1 metrə yaxın, kənarlarda isə 0,2 metr təşkil edib. Hazırda vulkan aktivliyini tam dayandırıb.
Sözügedən vulkan 1810-cu ildə qeydə alınıb və bu günədək 4 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 1977-ci ildə baş verib.