İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 11 may — Sputnik. Azərbaycanda yüzlərlə palçıq vulkanları var. Bunlardan 150-yə yaxını dənizdədir. Qeyd edək ki, ölkədə olan palçıq vulkanlarının 60 faizi aktiv vulkan hesab edilir.
AMEA Geologiya və Geofizika İnstitutunun "Palçıq vulkanizmi" şöbəsinin rəhbəri, professor Adil Əliyev Azərbaycanda olan vulkanlar, onların araşdırılması və digər mövzularda Sputnik Azərbaycan-a müsahibəsində danışıb.
- Azərbaycanda neçə palçıq vulkanı var?
- Azərbaycan palçıq vulkanları diyarıdır. Şərqi Azərbaycanda quruda və onunla həmsərhəd Cənubi Xəzərin akvatoriyasında 353 palçıq vulkanı və təzahürləri mövcuddur, onların 156-sı dənizdədir. Burada palçıq vulkanları özünün müxtəlifliyi ilə (fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, sualtı, ada) təmsil olunub. Vulkanların 60 %-i aktiv fəaliyyətdədir.
Vulkanlar Abşeron yarımadasında, Xəzəryanı, Şamaxı-Qobustan rayonlarında, Şirvanda, dənizdə – Abşeron və Bakı arxipelaqlarında yerləşib. Xəzərdə 8 vulkan mənşəli adalar (Qarasu, Xərə-Zirə, Səngi-Muğan, Zənbil və s.) var.
- Sadaladıqlarınız arasında ən aktiv vulkanlar hansıdır?
- Ən aktiv, tez-tez püskürən vulkanlar Abşeron yarımadasında – Lökbatan (25), Keyrəki (18), Otmanbozdağ (10), Bozdağ-Güzdək (10), Şamaxı-Qobustanda Şıxzərli (25), Quşçu (15), Torağay (12), Ayazaxtarma (12), Bakı arxipelaqında isə Xərə-Zirə (13), Gil (10) vulkanlarıdır.
- Vulkan püskürmələrinin zəlzələlərlə əlaqəsi varmı?
- Palçıq vulkanlarının aktivləşməsinin, püskürməsinin səbəbləri var. Vulkan fəaliyyətinin seysmikliklə genetik əlaqəsi vardır. Zəlzələlərin və vulkan püskürməsinin baş verməsi tektonik gərginliklə əlaqədardır. Güclü zəlzələ palçıq vulkanının oyanmasına və püskürməsinə o vaxt təsir edir ki, vulkan uzun müddət fəaliyyətdə olmayıb, enerji toplayıb, püskürməyə hazırdır və zəlzələ ocağından 80-100 km məsafədə yerləşib. Zəlzələnin baş verməsi vulkanın püskürməsinə təkan verir.
Bununla yanaşı, palçıq vulkanının aktivləşməsi (püskürmələr arası vulkanın krater (mərkəz) sahəsində müxtəlif mikroformlar (sopka, salza, qrifonlar) yer səthinə qaz, lilli su, palçıq çıxarır) vulkana yaxın olan ərazilərdə zəif zəlzələnin baş verməsi haqda qazhidrogeokimyəvi göstərici kimi məlumat verir. Vulkanın çıxardığı qazın və suyun tərkibində bəzi komponentlərin faizi anomal artır, məsələn, karbon qazı, helium, sularda – bor, xlor və s.
Bu istiqamətdə Respublika Seysmoloji Xidmət Mərkəzi ilə indi də tədqiqatlarımızı davam etdiririk.
Vulkanın yaxınlığında təsərrüfat, kommunikasiya işlərinin aparılması da onun püskürməsinə səbəb olur. Məsələn, 2000-ci ildə Keçəldağ, 2001-ci ildə Lökbatan vulkanlarının güclü püskürməsi bu səbəbdən baş verib. Son 200 ildə (1810-2018-ci illər) Azərbaycanda 93 vulkanda 427 püskürmə baş verib.
- Palçıq vulkanları ətraf mühitə necə təsir edir?
- Palçıq vulkanlarının fəaliyyəti ətraf mühitə həm mənfi, həm müsbət təsir edir. Vulkan püskürən zaman yer səthinə karbohidrogen qazları çıxarır, 300-500 metr hündürlükdə alov sütunu yaranır, ətrafda yüksək temperatur yaranır, bəzən böyük həcmdə karbon qazı ifraz edilir və vulkan brekçiyası tullanır, müxtəlif istiqamətdə çatlar əmələ gəlir. Karbon qazı çoxluq təşkil edəndə ətraf mühitə neqativ təsir edir.
Vulkanların qrifon-salza mərhələsində qaz, minerallaşmış su, lilli palçıq, bəzi vulkanlarda (40-dan çox) bollu neft çıxır. Nəticədə, palçıq vulkanlarının yerləşdiyi ərazidə qeyri-adi duzlaşmış, neftlə hopdurulmuş torpaq və geokimyəvi nöqteyi-nəzərdən unikal vulkan landşaftı yaranır.
- Palçıq vulkanları yaxınlığında yaşayış məntəqələrinin salınması nə dərəcədə düzgündür?
- Palçıq vulkanlarının yaxınlığında yaşayış binalarının tikilməsini məsləhət görmürəm. Vulkanlar ölçülərinə (bəzilərinin hündürlüyü 400 metrə çatır) və fəaliyyətinə görə müxtəlif olduğundan məsafə də eyni olmamalıdır. 500-1500 arasında olmalıdır. 1999-cu ildə Abşeronda Bozdağ-Qobu vulkanı püskürəndə 1100 m məsafəyə uzanan çatlardan biri Hökməli qəsəbəsində tikilmiş yaşayış binalarına çatmışdı. 2000-ci ildə Keçəldağ vulkanı püskürəndə ona yaxın sahədə başlanan tikinti işləri tullanan vulkan palçığı altında qalmışdı.
- Vulkan palçığının müalicəvi xüsusiyyətləri varmı?
- Vulkan palçığının çox yaxşı müalicəvi əhəmiyyəti var və bir çox xəstəliklərin - dəri, hərəkət aparatı, onurğa sütunu, mədə-bağırsaq traktı, şəkərli diabet, boyun osteoxondrozunun müalicəsi zamanı, ginekologiyada, urologiyada, kosmetologiyada və s. istifadə olunur. Hələ keçmiş əsrin 80-ci illərində bizim (həkimlərlə birgə) təklifimizlə Bakının 10-dan çox tibb müəssisələrində (poliklinikalarda) fizioterapiya üsulu ilə vulkan palçığından istifadə olunub.