BAKI, 29 may - Sputnik. Bu gün Bakıda keçiriləcək UEFA Avropa Liqaısının finalı bu yarışın tarixində ikinci əsl ingilis finalı olacaq. Sputnik Azərbaycan xəbər verir ki, birinci dəfə 1972-ci ildə hazırkı yarışın sələfi olan UEFA Kubokunun finalında İngiltərənin "Tottenhem" və "Vulverhempton" klubları qarşılaşıblar. Keçirilən iki görüşdə "Tottenhem" ümumi 3:2 hesabı ilə qalib gəlib.
Ümumilikdə isə bu gün Avropa Liqasının onuncu finalı olacaq. Ötən doqquz finalda 24, yəni orta hesabla bir oyunda 2,667 top vurulub. Ən böyük fərq 2012-ci və 2018-ci illərdə qeydə alınıb. Hər iki görüşdə Madridin "Atletiko" klubu qalib gəlib - 3:0. Rəqiblər isə müvafiq olaraq "Atletik" və "Olimpik" olublar. Bir oyunda ən çox top 2015-ci ildə vurulub. Həmin il İspaniya "Sevilya"sı Ukrayna "Dnepr"inə qalib gəlib - 3:2.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 23:00-da başlayacaq.