BAKI, 29 may — Sputnik. Avropa İttifaqı (Aİ) Türkiyə ilə bağlı hesabatını açıqlayıb.
Sputnik Azərbaycan "Sözcü"yə istinadla xəbər verir ki, hesabatı Aİ-nın qonşuluq və genişlənmə məsələləri üzrə komissarı Johannes Hahn təqdim edib.
Hesabata görə, əvvəlki illərdə olduğu kimi, Türkiyədə insan haqları və demokratiya məsələsində ciddi geriləmə müşahidə edilib. Sənəddə ilk dəfə iqtisadi və maliyyə bazarı ilə bağlı narahatlıqlar öz əksini tapıb.
Johannes Hahn bildirib ki, Türkiyədə insan haqlarının pozulması halları artıb, iqtisadiyyat daxil olmaqla bir çox sahələrdə geriləmə gedib. Türkiyə Aİ-dən uzaqlaşmağa davam edir.
Hesabatda Türkiyədə keçirilən bələdiyyə seçkilərinə geniş yer verilib. Sənəddə deyilib ki, Türkiyədə Yüksək Seçki Komissiyasının seçkinin nəticələrini ləğv edib, təkrar seçkilərin keçirilməsinə qərar verməsi bu qurumun etibarına zərər verir.
Hesabatın ardından Ankaradan çox sərt açıqlama gəlib. Türkiyənin Xarici İşlər nazirinin müavini Faruk Kaymakcı bildirib ki, hesabatda əks olunan tənqidləri qəbul etmək mümkün deyil.