BAKI, 1 may — Sputnik. ABŞ Prezidenti Donald Tramp iyul ayında Türkiyəyə səfər edəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb.
Məlumatda qeyd olunur ki, bu Trampın ABŞ Prezidenti kimi Türkiyəyə ilk səfəri olacaq.
Qeyd edək ki, aprelin 24-ü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın zamanda ABŞ Prezidenti Donald Trampla görüşəcəyini bəyan etmişdi. O bildirmişdi ki, görüş Trampın təşəbbüsü ilə baş tutacaq.
Qeyd edək ki, son vaxtlar "S-400" zenit-raket komplekslərinin alınması ilə bağlı Türkiyə-ABŞ münasibətlərində gərginlik yaşanır. Martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alacağı təqdirdə Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Robert Palladino da Türkiyənin Rusiyadan "S-400" almasına münasibət bildirib. O, ABŞ-ın "S-400" məsələsində mövqeyinin dəyişmədiyini və Türkiyənin Rusiyadan bu sistemləri almaq cəhdinin ABŞ-ı ciddi şəkildə narahat etdiyini dilə gətirib.
"Havadan müdafiə sistemi məsələsində Türkiyə ilə bərabər işləməyə hazırıq və Türkiyənin qiymətləndirməsi üçün "Patriot" və digər sistemləri təklif edirik. Türkiyənin "S-400" alması Ankaranın "F-35" qırıcılarının 5-ci nəsil proqramının yaradılmasında iştirakına yenidən baxmağımıza səbəb olacaq. Bundan əlavə, gələcəkdə Türkiyəyə silah tədarükü imkanları sual altına düşəcək" - deyə amerikalı sözçü vurğulayıb.