Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 27 may — Sputnik. "Bu həftə Böyük Britaniya səfirliyi, futbolu və xüsusilə də finalda oynayacaq klubların azarkeşləri üçün həyəcanlı həftədir". Sputnik Azərbaycan xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Böyük Britaniyanın Azərbaycandakı səfiri Karol Krofts bildirib.
"Biz bu oyuna ciddi hazırlaşmışıq. Həm Böyük Britaniya, həm Azərbaycandakı dövlət orqanları, həm futbol assosiasiyaları, həm də finalda oynayacaq klub nümayəndələri ciddi iş aparıb. Səfirlik Bakıya gələcək futbol azarkeşləri üçün 2 informativ broşür hazırlayıb. Həm “Arsenal”, həm “Çelsi” klubu Qarabağla oyunlarından Azərbaycan, paytaxt Bakı və möhtəşəm Bakı Olimpiya stadionu barədə məlumatlıdır. Böyük Britaniya və Azərbaycan arasında futbol əlaqələri daha əvvəldən də mövcud olub. Bu əlaqələr barədə danışarkən ilk ağıla gələn şəxs Tofiq Bayramovdur. Məhz onun hakim olduğu oyunda 1966-cı ildə İngiltərə millisi ilk dəfə tarixində dünya çempionu olub. Dünya çempionluğumuzun 50 illiyi ilə bağlı biz Tofiq Bəhramovun ailə üzləri ilə görüşdük. Tofiq Bəhramov adına stadionunun ot örtüyünə görə məsul şəxs də Böyük Britaniya vətəndaşıdır. O Liverpulda doğulub. Bu fakt da Böyük Britaniya - Azərbaycan arasında əlaqələrinin necə çoxşaxəli olmasının göstəricidir" – deyə səfir qeyd edib.
Səfir Azərbaycan Xalq Cümhuriyyətinin elan olunmasının 101 illiyi münasibəti ilə də Azərbaycan xalqını təbrik edib.
Qeyd edək ki, mayın 29-u Bakıda Avropa Liqasının final oyununda London təmsilçiləri "Çelsi" və "Arsenal" qarşılaşacaq. Final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.