BAKI, 25 may — Sputnik. "Bu gün xüsusi bir auraya malik olan bir muzeyin açılışına toplaşmışıq. Hər bir xalqın tarixində qələbələr də var, yüksək zirvələr də var, böyük çətinliklər və faciələr də var. Heç də hər muzey, hər məkan yalnız qəhrəmanlıq nümunələri əks etdirməməlidir. Elə məkanlar var ki, orada xalqın əziyyətini, xalqın ağrısını ifadə etmək qərarlı olan ekspozisiya insanların daha böyük qəhrəmanlığa çağırır, daha böyük zirvələri fəth etməyə onlara təkan verir. Hesab edirəm ki, bu gün açılan muzey məhz bu kateqoriya muzeylərə aiddir".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidməti (DSX) aparatının inzibati binasında "Siyasi qurbanların xatirəsi muzeyi"nin açılış tədbirində Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev səsləndirib. "Azərbaycan xalqının faciəsi ondan ibarət idi ki, onun daim böyük, yaradıcı, çox böyük fəlsəfə daşıyan insanlarının sayı çox idi. Totalitarizm rejiminin sıx çərçivəsi içində onların yaşaması həm bu rejimin ideologiyasına, həm də onların mənəviyyatına uyğun gəlmirdi və sığışmırdı. Odur ki, mən bu faciə, bu repressiyaya məruz qalmış insanların sırasında böyük ədiblərin, böyük şəxsiyyətlərin, böyük ziyalıların adları daha çox üstünlük təşkil edir" - o bildirib.
Nazirin sözlərinə görə, hər bir dövlətin bacarığı və qüdrəti ondan ibarətdir ki, öz keçmişinə baxıb, onun layiqli xatirəsinə ləyaqətlə yanaşsın, qiymət versin: "Eyni zamanda, öz faciələrini etiraf etməyə özündə güc tapsın. Ulu Öndər Heydər Əliyevin gücü və böyüklüyü məhz ondan ibarət idi ki, o, bütün öz keçdiyi yola nəzər salaraq, bu faciənin dərinliyini çox yaxşı bilirdi. O, özündə güc tapıb, dövlət rəhbəri işləyərkən maksimum çalışdı ki, bu vaxtı ilə tariximizdən, yaddaşımızdan silinmiş adlar xalqımıza qayıtsın və yenə də ulduz kimi parlaq işıq salsınlar. Hüseyn Cavidin cəsədinin uzaq Sibirdən Azərbaycana, Naxçıvana gətirilməsi, onun məqbərəsinin açılışında şəxsən onun iştirakı və dediyi sözlər buna əyani sübutdur".
"Bu gün hörmətli Prezidentimiz İlham Əliyev cənablarının xeyir-duası əsasında bu muzey açılır. Bu muzey canlı muzey olmalıdır, bu, yalnız nümayiş olunan şəkillərdən ibarət olmamalıdır. Bu muzey daim yaddaşımızda yaşamalıdır. Buraya təhsil ocaqlarının nümayəndələri gəlməlidirlər, gənclərimiz gəlməlidir" - o vurğulayıb.
"Bu muzeyin ən əsas verəcəyi nəticə ondan ibarət olmalıdır ki, heç vaxt Azərbaycan xalqı kiməsə imkan verməsin ki, hər hansı bir ideologiyaya görə belə qurbanlara məruz qalsın. Bu muzeyin verdiyi nəticə, hissiyyat bundan ibarətdir. Mən tam əminəm ki, ölkəmizin qüdrəti, ölkəmizin gücü, ölkəmizin gəncliyi və gələcəyi heç vaxt buna bir daha yol verməyəcək. Allah bütün repressiya olunmuş insanlara rəhmət eləsin" - Ə.Qarayev əlavə edib.