BAKI, 25 may — Sputnik. "Mən burada durarkən çox ağır hisslər keçirirəm. Mənim babam Mədət Qulubəyli 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin polisində xəfiyyə işləyib. 20-ci ildə Azərbaycan Qızıl Ordu tərəfindən zəbt olunandan sonra, o, Azərbaycan milisində, SSRİ milisində işləyib. Gəncənin, Xanların, Samurun, Qasım İsmayılın rəisi olub və 1930-cu ilin noyabrın 28-də Gəncədə saxlanılıb, Bakıya, bura gətirilib. Ola bilsin, onu mən indi burada durduğum və yaxud kimsənin durduğu yerdə qətlə yetiriblər, dünyasını dəyişib".
Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidməti (DSX) aparatının inzibati binasında "Siyasi qurbanların xatirəsi muzeyi"nin açılış tədbirində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Mədət Quliyev səsləndirib. "Amma mən bu barədə yox, reallıqdan, bugünkü reallıqdan danışmaq istəyirəm. Biz bura gələndə bəzilərimiz fikirləşə bilərdik ki, bu, 30-cu illərdə, 40-cı illərdə oldu və tariximizdən silindi, daha belə rüsvayçılıq, belə biabırcılıq, belə fəlakət olmaz. Amma reallıqda belə deyil" - o bildirib.
DTX rəisinin sözlərinə göə, Heydər Əliyev bir neçə il ərzində Naxçıvanda yaşadı və paytaxtı biz Heydər Əliyevsiz gördük: "1988-1993-cü illərdə Azərbaycanda o fəlakəti gördük, o böhranı gördük, hərc-mərcliyi gördük, biabırçılığı gördük. Biz o günləri gördük ki, Azərbaycanda evinə çörək almaq istəyən əlinə tapanca alıb səhər saat 4-də, 5-də gedirdi, bir çörək alıb evinə gətirirdi. Belə bir zamanda artıq Azərbaycanda qardaş qırğını, müharibə başladı. Faktiki 4 iyun 1993-cü ildə Gəncədə, mən də bunun şahidi oldum və belə bir anda xalqımız, qədir bilən xalqımız meydanlara çıxıb bugünkü günün naminə meydanlardan Ulu Öndərin Azərbaycana qayıtmağını tələb etdilər, xahiş elədilər. Bəlkə də indi, o vaxtı hər cürətli adam, Azərbaycana gəlməzdi. Artıq mən bu vəzifədən görürəm ki, onlar, o siyasi dəstələr də digər dövlətlərin xüsusi xidmət orqanları tərəfindən idarə olunan o qruplar idi və onların qabağında da məqsədlər qoyulmuşdu ki, 30-cu illər, 20-ci illər yenidən Azərbaycanda təkrar olmalı idi. Azərbaycan 4-5 yerə bölünməli idi və tarixdən, xəritədən silinməli idi".
"Belə bir anda Ulu Öndər öz ailəsinin də, özünün də canını təhlükə altına qoydu, Azərbaycana qayıtdı və Azərbaycanı tərəqqi yoluna qoydu. Bu gün banisi olan, Heydər Əliyev tərəfindən yaradılmış dövlətdə biz yaşayırıq. Azərbaycanı Almaniya, Fransa, İngiltərə ilə müqayisə edirik, belə də olmalıdır. Yəni biz ən inkişaf etmiş dövlətlərlə özümüzü müqayisə etməliyik" - M.Quliyev vurğulayıb.
Onun sözlərinə görə, bu gün Azərbaycanın hər cür təminatı var: "Ən əsası da odur ki, bizim Ulu Öndərin böyütdüyü, tərbiyə etdiyi, yaratdığı bir siyasətçi – möhtərəm prezidentimiz İlham Əliyev cənabları Azərbaycana müdrüklüklə, peşəkarlıqla rəhbərlik edir. Mən məlumatlar alıram, hər gün səhər–səhər mənə məruzələr olur, bu kimi layihələr Azərbaycana qarşı bu gün də hansısa otaqlarda, hansısa dövlətlərdə planlaşdırılır. Biz bunu heç bir vaxt yadımızdan çıxarmamalıyıq".
"Biz hamımız yaxşı bilirik ki, dövlət başçısı o sükanı düzgün saxlamasa, o farvater daşların arasından məharətlə keçilməsə, heç bir hüquq-mühafizə orqanı bacarmaz ki, əmin-amanlığı saxlasın, inkişafı saxlasın. Bunun hamısında biz həm Ulu Öndərə, həm də onun oğlu, sevimli, möhtərəm Prezidentimizə minnətdar olmalıyıq. Gördüyümüz və yaşadığımız tarixin təkrar olunmaması üçün biz hamımız möhtərəm Prezidentimizin ətrafında sıx durmalı, öz vəzifə borcumuzu məharətlə və lazım olsa, canımızdan da keçməyə hazır olmalıyıq, vəzifə borcumuzu yerinə yetirməliyik" - DTX rəisi əlavə edib.