Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 22 may — Sputnik. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov jurnalistlərə müsahibəsində bildirib ki, gələn ilin yanvarından başlayaraq Azərbaycanda hər kəsə ölkə miqyasında icbari tibbi sığorta xidməti göstəriləcək. Dövlət xəstəxanalarında tibbi xidmət illik icbari tibbi sığortanı ödəməklə pulsuz həyata keçiriləcək.
Maraqlıdır, icbari tibbi sığorta ölkə səhiyyəsində nələri dəyişəcək, nə kimi mənfi təsirlər göstərəcək? Həmçinin belə olan halda könüllü tibbi sığorta bazarının aqibəti necə olacaq?
Sputnik Azərbaycan-ın əməkdaşı mütəxəssislərlə bu suallara cavab tapmağa çalışıb.
Sığorta üzrə ekspert Şahin İsmayılov deyib ki, bütün dövlət xəstəxanaları yanvar ayının 1-dən "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nə (TƏBİB) tabe olacaq: "Yanvar ayından etibarən dövlət xəstəxanalarında icbari tibbi sığorta xidmətinə başlanacaq. Amma özəl klinikalara icbari tibbi xidmətin aid edilib-edilməməsi sual altındadır. Çünki özəl klinikaların hər birində tibbi xidmət fərqlidir. Zənnimcə, ona görə də onları bir yerə toplayıb icbari tibbi sığortaya yönləndirmək çətin olacaq".
"Digər tərəfdən, icbari tibbi sığorta tətbiq edilən aydan başlayaraq bütün tibbi personallara yüksək əmək haqqı veriləcək. Amma maraqlıdır ki, həkimlər üçün nəzərdə tutulacaq əmək haqqı onları qane edəcəkmi? Axı elə həkimlər var ki, onlar üçün nəzərdə tutulan əmək haqqını bir günə qazana bilirlər. Onların o maaşa qane olacaqları sual altındadır. Bu da həkimlərin xaricə axınına səbəb olacaq" – deyə Şahin İsmayılov əlavə edib.
O, eyni zamanda icbari sığorta tətbiq olunandan sonra xəstəxanalara kütləvi axın başlayacağını da qeyd edib: "Kütləvi axın da tibbi xidmətin keyfiyyətini aşağı salacaq. Növbələr çoxalacaq. Eyni zamanda, hər kəs 120 manat məbləğində sığortalanacaq. Uşaqlar, fiziki imkanları məhdud şəxslər, işsizlər, təqaüdçülər dövlət tərəfindən sığortalanacaqlar. 120 manat məbləğində olan icbari tibbi sığortanın keyfiyyətini isə zaman göstərəcək".
Sığorta üzrə digər bir ekspert Nicat Əlibəyli isə düşünür ki, icbari tibbi sığortanın ölkədə tətbiqi çox önəmli hadisədir: "Bu sistemin tətbiqi ilə həkimlə xəstə arasında "pul" söhbəti aparılmayacaq. Bu, çox vacib və önəmli məsələdir. Klinika göstərdiyi xidmətin sığorta haqqını sığorta şirkətindən alacaq. Bu səbəbdən rüşvət olmayacaq".
N.Əlibəylinin qənaətincə, bu sistem əsasında tibb müəssisələri də öz xidmətləri ilə fərqlənəcək: "Pasientlər tibb müəssisələrində xidmətin aşağı və ya yüksək səviyyədə olduğunu daha yaxşı görə biləcəklər və onların seçim etmək imkanları artacaq. Nəticədə yaxşı xidmət göstərməyən tibbi müəssisələrinə gələnlərin sayı minimuma enəcək. Bu da müəssisələr arasında keyfiyyətli xidmət rəqabətini artıracaq".
"Hesab edirəm ki, icbari tibbi sığortanın tətbiqi ölkə əhalisinin sağlamlıq durumunun daha da yaxşı olmasında təsir edəcək" – deyə ekspert vurğulayıb.
O, icbari tibbi sığortanın könüllü tibbi sığortaya təsiri barəsində də danışıb: "İcbari tibbi sığorta könüllü tibbi sığortaya mənfi təsiri etməyəcək. Çünki şirkətlər öncədən nəzərdə tutulmuş paket əsasında xidmətlərini satacaqlar".