BAKI, 22 may — Sputnik. Cəlilabadda müəllimi döyən şəxslərdən biri həbs edilib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.
O, bildirib ki, hadisəni törətməkdə təqsirli bilinən Şakir Abdullayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçib. Hazırda istintaq orqanı tərəfindən hadisənin digər iştirakçılarının məsuliyyət məsələsinə baxılır.
Faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 134-cü (öldürmək və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 221.2.1-ci (xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə Cəlilabad rayon Uzuntəpə kənd 3 saylı məktəbinin ibtidai sinif müəllimi Aqil Əzizovun 9-cu sinif şagirdinə sataşdığı üçün döyülməsinə dair görüntülər yayılıb.