BAKI, 21 may — Sputnik. Ölkə ərazisində baş verən külək nəticəsində Göyçay rayonuna dəymiş ziyan müəyyənləşib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Göyçay Rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri İkram Vəliyev məlumat verib.
Komissiya sədri bildirib ki, hadisə nəticəsində külək onlarla ağacı qırıb: "Külək rayon ərazisində olan 5 mərtəbəli yaşayış binasının 2800 kvadratmetrlik dam örtüyünü atıb. Bununla yanaşı, külək 900 metrlik elektrik xətti, 1 transformator, 3000 metr kabel xətti, elektrik dirəklərini yararsız vəziyyətə salıb".
"İki irigövdəli ağac kökündən qırılaraq rayon ərazisindəki 1 çardaq və bir avtomobil qarajının üzərinə düşərək yararsız vəziyyətə salıb" - deyə o qeyd edib.
Xatırladaq ki, dünən gecə saatlarından başlayan intensiv yağış və güclü külək bir sıra regionlarda ciddi fəsadlar yaradıb. Dolu İsmayıllı, Zaqatala, Göyçay rayonları və Gəncə şəhərində elektrik naqillərini sıradan çıxarıb.