BAKI, 19 may - Sputnik. 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının biletlərini 12 iyun – 12 iyul, 2019-cu il tarixləri arasında euro2020.com/tickets veb-səhifəsi vasitəsi ilə cəmi 30 avroya əldə etmək mümkün olacaq.
Sputnik Azərbaycan xəbər verir ki, UEFA futbol üzrə Avropa çempionatının 60-cı ildönümünü qeyd etmək məqsədi ilə, ilk dəfə olaraq bütün Avropa üzrə keçiriləcək UEFA AVRO 2020 turniri üçün bilet satışı siyasətini və bilet qiymətlərini açıqlayıb. Qeyd edək ki, 2020-ci ilin 12 iyun – 12 iyul tarixləri arasında keçiriləcək yarış çərçivəsində 24 iştirakçı komandanın oyunları 12 müxtəlif şəhərdə baş tutacaq: Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq.
Oyunlara rekord sayda, üç milyon bilet satılacaq ki, bu da həmişə olduğundan daha çox azarkeşin matçları canlı izləmək imkanına sahib olacağı anlamına gəlir. Avropa futbol təşkilatının irəli sürdüyü yeni “LIVE IT. FOR REAL” sloqanı azarkeşləri stadionda oyunları canlı şəkildə izləməyə həvəsləndirmək və ruhlandırmaq üçün düşünülüb. İki milyon yarıma yaxın bilet (UEFA AVRO 2016 üçün ümumi bilet sayından daha çox) iştirakçı komandaların azarkeşləri və ictimaiyyət üçün ayrılıb.
Öncə azarkeşlər
Bu dəfəki bilet satışında öncə azarkeşlər - "Fans First" prinsipi irəli sürülüb. Yəni, UEFA AVRO 2020 turnirinin tamaşaçı biletlərinin 82% iştirakçı komandaların tərəfdarları və ictimaiyyət üçün nəzərdə tutulub, 44 oyun üçün 1 milyon bilet 50 avro və ya daha ucuz qiymətə satılacaq, Londonda keçiriləcək iki yarımfinal və final oyunlarına biletlərin 40 minini 100 avrodan daha ucuz qiymətə əldə etmək mümkün olacaq və satışların ilkin mərhələsində bilet üçün müraciət etmiş, lakin bilet əldə edə bilməmiş azarkeşlər bilet alışı üçün yeni imkanlar olan kimi (digər müraciətçilərin uğursuz ödənişləri və ya bilet qaytarmaları səbəbindən), birinci məlumatlandıracaqlar.
Bilet növləri
Biletlər isə seçim üzrə iki növə bölünəcək. Birincisi, fərdi biletlərdir, yəni, bir stadionda bir matç üçün biletlər. İkincisi isə “Komandamı təqib edirəm" biletləri (2019-cu ilin dekabr ayından başlayaraq). Yəni, oyunun keçiriləcəyi yerdən asılı olmayaraq, azarkeşlərə sevimli komandalarının pley-off mərhələsi matçında iştirakına imkan yaradan biletlər. Maraqlıdır ki, əgər komanda yarışı pley-off mərhələsindən öncə tərk edərsə, o zaman bilet üçün edilmiş ödəniş azarkeşə tam şəkildə geri qaytarılacaq.
Fiziki qüsurlu futbol həvəskarları da unudulmayıb. UEFA tərəfindən hər matç üçün əlil azarkeşlərə, stadionda harada yerləşməsindən asılı olmayaraq, ən aşağı qiymət kateqoriyası ilə satılacaq müəyyən sayda bilet ayrılacaq. Bundan əlavə, əlil azarkeşlər, həmçinin onları müşaiyət edən şəxs üçün də pulsuz yerdən ötrü müraciət edə bilərlər.
Satış şərtləri
2019-cu il 12 iyun tarixindən 12 iyuladək davam edəcək bilet satışının ilk mərhələsi zamanı ictimaiyyətə 1.5 milyon bilet satılacaq ki, bu da 2016-cı ilin Avropa Çempionatı ilə müqayisədə 50% daha çoxdur.
2019-cu il dekabrın əvvəllərində start götürəcək bilet satışının ikinci mərhələsi zamanı, iştirakçı komandaların azarkeşlərinə 1 milyon bilet satılacaq, bu isə 2016-cı il ilə müqayisədə 20% daha çoxdur. Bu satışlar 30 noyabr, 2019-cu ildə keçiriləcək final mərhələsinin püşkatma mərasimindən sonra başlayacaq.
Satışların digər mərhələsi 2020-ci ilin aprel ayında keçiriləcək, çünki UEFA AVRO 2020-də iştirak edəcək son dörd komanda 26-31 mart 2020-ci ildə keçiriləcək Avropa təsnifat mərhələsinin pley-off oyunlarından sonra müəyyənləşəcək.
Bütün biletlər yalnız internet vasitəsi ilə və yalnız euro2020.com/tickets veb-səhifəsində satılacaq.
Bütün matç və kateqoriyalarda tələbin təklifi üstələdiyi halda biletlər ədalətli və şəffaf lotereya vasitəsi ilə ayrılacaq. Müraciətin 2019-cu il 12 iyun – 12 iyul tarixləri arasında nə zaman edildiyindən asılı olmayaraq, bütün ərizəçilər uğurlu olmaq üçün bərabər şanslara malikdir.
Biletlərin kateqoriya və qiymətləri
AVRO 2020 üçün biletlər üç qiymət kateqoriyası ilə təklif olunacaq. Ev sahibi şəhərlər yerli sakinlərin alıcılıq qabiliyyətindən və orta gəlir səviyyəsindən asılı olaraq iki qiymət qrupuna bölünüb.
A qrupuna Amsterdam, Bilbao, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq şəhərləri, B qrupuna isə Bakı, Buxarest və Budapeşt şəhərləri daxildir.
Qiymət qrupları sistemi bütün turnir ərzində tətbiq olunur. Nəticə etibarı ilə, Bakıda keçiriləcək dörddəbir final oyunu üçün biletlər Münhen, Roma və Sankt-Peterburqda keçiriləcək dörddəbir final matçlarının biletlərinə nisbətən daha ucuzdur.
A qrupu: Amsterdam, Bilbao, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma, Sankt-Peterburq | ||
Qrup mərhələsi və 1/8 final | 1/4 finallar və açılış matçı (Münhen, Roma, Sankt-Peterburq) |
|
Kateqoriya 3 | €50 | €75 |
Kateqoriya 2 | €125 | €145 |
Kateqoriya 1 | €185 | €225 |
B qrupu: Bakı, Buxarest və Budapeşt | ||
Qrup mərhələsi və 1/8 final | 1/4 final (Bakı) | |
Kateqoriya 3 | €30 | €35 |
Kateqoriya 2 | €75 | €75 |
Kateqoriya 1 | €125 | €125 |
Yarımfinallar və final: London | ||
Yarımfinallar | Final | |
“Fans First” | €85 | €95 |
Kateqoriya 3 | €195 | €295 |
Kateqoriya 2 | €345 | €595 |
Kateqoriya 1 | €595 | €845 |
Rəsmi “Yenidən Satış” platforması
Biletlərin yenidən satışı üçün platforma azarkeşlərə biletlərini euro2020.com/tickets veb-səhifəsi vasitəsi ilə nominal dəyərə yenidən satışa çıxarmalarına imkan verir. Biletlərin yenidən satış platforması 2020-ci ildə fəaliyyət göstərəcək. Bu platforma azarkeşlərin rəsmi UEFA satış kanalı vasitəsilə biletlərini təhlükəsiz şəkildə digər azarkeşlərdən almalarına imkan yaradacaq. Bu, etibarsız və ya saxta biletlər əldə etmək riskini aradan qaldırır və bilet satıcılarının pullarını tam məbləğdə geri almalarına şərait yaradır.
Qonaqpərvərlik paketləri
12 iyun 2019-cu il tarixindən etibarən bütün stadionlar üçün rəsmi qonaqpərvərlik paketləri mövcud olacaq. Bu paketlər daxilində şəxsi kabinetlər, biznes zalları və daha rahat şəraitli klublar kimi bir sıra seçimlər mövcuddur. Azarkeşlər daha ətraflı məlumat üçün euro2020.com/hospitality linkinə nəzər yetirə bilərlər.