BAKI, 16 may — Sputnik. Londonun "Arsenal" futbol klubu Avropa Liqasının finalının Bakıda keçirilməsindən məyus olduqlarını rəsmən açıqlayıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı açıqlama yayıb.
"Arsenal"da hamı Avropa Liqasının finalına çıxdığına görə şaddır və səbirsizliklə "Çelsi" ilə matçı gözləyirik. Bununla yanaşı, biz UEFA-nın nəqliyyat məhdudiyyətindən dolayı çox məyusuq. UEFA 60 min nəfərlik stadion üçün "Arsenal"a maksimum 6 min bilet ayırıb", - deyə bəyanatda bildirilir.
"Kanonirlər" əmin deyillər ki, 6 min azarkeş Bakıya gedə biləcək. "Nəzərə alanda ki, Bakıya getməklə bağlı nə qədər ekstremal problemlər mövcuddur, 6 min azarkeşin final matçında iştirak edə bilib-bilməyəcəyini zaman göstərəcək", - deyə klubun saytı qeyd edib.
"Arsenal" hesab edir ki, nəqliyyatla təminatın məhdud olduğu yerin matçın keçirilməsi üçün seçilməsi düzgün deyil.
"Bizim 45 min mövsümi bilet sahibi olan azarkeşlərimiz var və onların çoxu oyuna düşə bilmir. Reallıq belədir ki, finala çıxmayan hansısa klub tərəfdarlarının ehtiyaclarını qarşılamaya bilər. "Arsenal" isə azarkeşlərdən çoxlu şikayətlər alıb və biz onların narahatşılığını bölüşürük", - deyə bəyanatda bildirilir.
"Arsenal" azarkeşləri adından UEFA-ya xahişlə müraciət edib ki, final matçının keçirildiyi yerin hansı meyarlar əsasında seçildiyini və bu zaman azarkeşlərin maraqlarının nəzərə alınıb-alınmadığını izah etsin.
"Biz UEFA-nı gələcəkdə final matçının keçiriləcəyi istənilən yeri seçərkən maddi-texniki təminatı və azarkeşlərin tələblərini əsas götürməyə çağırırıq. Bu mövsümdə baş verən hal qəbuledilməzdir və bir daha təkrarlanmamalıdır. Biz gələcəkdə belə situasiyalardan qaçmaq üçün istənilən müzakirələrə qoşulmağa hazırıq", - "kanonirlər" əlavə ediblər.
Avropa Liqasının final matçında Avropa kuboku uğrunda Londonun "Arsenal" və "Çelsi" klubları qarşılaşacaqlar. Final matçı mayın 29-da Bakı Olimpiya stadionunda keçiriləcək.