Rahim Zakiroğlu, Sputnik Azərbaycan
BAKI, 15 may — Sputnik. Cəlilabad rayonunda rayon mərkəzi ilə Cəngan-Soltankənd kəndlərini birləşdirən və 20 min əhalinin istifadə etdiyi avtomobil yolunda yenidən sürüşmə aktivliyi qeydə alınıb. Yaranan iri çatlar və asfalt qatının qırılması yolun hərəkət hissəsini daraldıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunda, demək olar ki, hər il sürüşmə aktivliyi müşahidə edilir. Sözügedən yolda mütəmadi olaraq təmir-bərpa işləri görülsə də, yolun Soltankənd və Hacıcavad kəndləri arasında olan hissəsində yol yatağı yenidən dərəyə doğru sürüşməyə başlayıb. Torpaq sürüşməsinin mövsümi olaraq yaranmasına səbəb təpəlik ərazilərdən axan yeraltı suların yolun yataq hissəsindən keçərək axmasıdır.
Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından Sputnik Azərbaycan-ın bölgə müxbirinə bildirilib ki, yolun sürüşmə aktivliyi olan hissəsində yeraltı suların axıdılması üçün suötürücü qurğuları qoymaqla ərazidə yaxın müddətdə təmir bərpa işləri görüləcək.
Məlumat üçün bildirək ki, bu yol 23 kəndi rayon mərkəzi ilə birləşdirir.