BAKI, 14 may — Sputnik. "Azərbaycan Avropa İttifaqına üzv ölkələrlə sıx əlaqələrə malikdir. Azərbaycanın Avropa İttifaqının üzvü olan doqquz ölkə ilə əlaqələri strateji tərəfdaşlıq xarakteri daşıyır". Belə bir bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüşündə çıxış edib.
Dövlət başçısı Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan Ermənistan və Azərbaycan arasında münaqişənin öz həllini tapmamasını təəssüflə qeyd edib. Prezident torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini vurğulayaraq bildirib ki, 25 ildən çoxdur bu münaqişə davam edir.
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, münaqişə yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı çərçivəsində həll olunmalıdır.
Ölkə başçısı xatırladıb ki, ötən il Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində də Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə bir daha dəstək ifadə olunub.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyini vurğulayan dövlət başçısı deyib ki, ölkəmizin təşəbbüsü və iştirakı ilə reallaşdırılan enerji layihələrində hasilatçı, tranzit və istehlakçı ölkələrin maraqları onların əməkdaşlığı çərçivəsində birgə şəkildə qorunur.
Prezident Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin reallaşdırılmasında mühüm rol oynadığını qeyd edərək ölkəmizin Avropa İttifaqı ilə nəqliyyat sahəsində də uğurla əməkdaşlıq etdiyini bildirib.
Araşdırmaçıların qənaətinə görə, SSRİ-nin dağıldığı andan etibarən beynəlxalq təşkilatlar və ölkələr tərəfindən Cənubi Qafqazda münaqişələrin nizamlanması və sabitliyin bərqərar edilməsi üzrə çoxsaylı cəhdlər və təşəbbüslər olub. Lakin indiyədək heç bir münaqişə həll olunmayıb. Vasitəçilərin səylərinin yeganə müsbət nəticəsi münaqişə zonalarında hərbi əməliyyatların dayandırılması olub. Bu, 10 il əvvəl baş verib. Və həmin vaxtdan etibarən münaqişələrin nizamlanması məsələsində tərəflər bir addım belə irəliləməyib. Əlbəttə, region ölkələri dövlət quruculuğu ilə məşğul olmaq, beynəlxalq ictimaiyyətə inteqrasiyanı inkişaf etdirmək imkanı əldə ediblər, amma "dondurulmuş" münaqişələr mövcud olduğu şəraitdə onlar nə iqtisadiyyatda, nə vətəndaş cəmiyyəti quruculuğunda əhəmiyyətli uğurlar əldə edə bilməyiblər.
11 ildən çoxdur nizamlanma prosesinin bütün - həm yerli, həm də əcnəbi iştirakçıları iqtisadiyyatda, siyasətdə ayrı-ayrı problemlərin və vəzifələrin həlli ilə məşğul olub. Məsələn, ən aktual problemlərin - regional münaqişələrin həlli məsələsində tərəflərin yanaşmaları ziddiyyətli, qeyri-ardıcıl olub və ümumi Qafqaz kontekstindən ayrılıqda maneələri aradan qaldırmağa çalışıb. Məsələn, Abxaziya münaqişəsi BMT çərçivəsində, Qarabağ münaqişəsi Minsk Qrupu çərçivəsində, Osetiya problemi Rusiyanın vasitəçiliyi ilə. Bütün hallarda münaqişə tərəfləri münaqişələrin həllinin və gələcəkdə yaxşı qonşuluq münasibətlərinin qurulmasının mütləq şərti kimi öz yanaşmalarının və maraqlarının: millətlərin öz müqəddəratını həll etməsi və ərazi bütövlüyü prinsiplərinin təmin edilməsini qoyurlar.
Məhz vasitəçilərin və münaqişə tərəflərinin bu iki marağı birlikdə təmin etməyi bacarmaması prosesi çıxılmaz nöqtəyə gətirib çıxarıb. Tərəflər ziddiyyətli görünən bu iki yanaşmanın həllinə Qafqaz inteqrasiyası və Qafqaz İttifaqının yaradılması kontekstindən yanaşsa, hər şey başqa cür ola bilər.
Münaqişələrin Qafqaz inteqrasiyası vasitəsilə həllinin iki zəmini var. Bunun üçün ən mühüm arqument münaqişə iştirakçılarının qarşı tərəfin güzəştlərindən və münaqişələrin nizamlanmasından sonra yaxşı qonşuluq münasibətləri qurmağa hazır olmaları barədə bəyanatlarıdır. Tərəflərin heç biri antaqonizm nümayiş etdirməyib və digər tərəflə əməkdaşlıqdan imtina etməyib. Əksinə, bütün tərəflər birmənalı olaraq onların münaqişəli maraqların təmin edilməsindən sonra əməkdaşlığa hazır olduqlarını göstərir.
Hazırda hər iki tərəfdən danışıqları aparan şəxslərin üzərində düşündüyü əsas razılaşdırılmamış məsələlər ticari aspektlərin bəzi elementləri, habelə Qarabağ nizamlanması məsələsidir. Ən azından, danışıqlar prosesi ilə əlaqəsi olan şəxslər özəl söhbətlərdə bu barədə danışır. Azərbaycan tərəfi sazişə Moldova, Gürcüstan və Ukrayna ilə sazişlərdə olduğu kimi, ərazi bütövlüyünün mütləq bərpası haqqında bənd daxil edilməsində israr edir. Prinsipcə, Bakı Aİ-nin ikili standartlarından danışarkən haqlıdır. Azərbaycan və Ermənistan məsələsində isə hər iki ölkə Aİ üçün eyni cür tərəfdaşdır, həm də Yerevan Avrointeqrasiya yolunda Bakını geridə qoyaraq, ötən il strateji sazişi imzalayıb. Konkret halda Aİ strategiyası tərəflərin vahid Avropa formatı, o cümlədən prinsiplər, dəyərlər və öhdəliklər çərçivəsində barışmasına yönəlib.
Dövlətin inkişafının əsas əyləclərindən biri qapalı iqtisadiyyatdır. Məlumdur ki, Azərbaycan iqtisadiyyatı hələ müəyyən problemlərdən azad olmayıb, bu da inkişafın sürətini azaldır və resurs potensialımıza görə layiq olduğumuz sürətlə irəliləməyə imkan vermir. Dünya təcrübəsi göstərir ki, yalnız açıq iqtisadiyyatlı ölkələr dinamik şəkildə inkişaf edə bilmir. Bir çox nümunələr göstərmək olar, amma Aİ-nin üç inkişaf mərhələsini səciyyələndirən bir məsələ araşdırmaçıların diqqətini daha çox çəkir. Almaniya müharibədən sonra, Polşa sosialist düşərgənin dağılmasından sonra, Estoniya SSRİ-nin dağılmasından sonra açıq bazar və fəal şəkildə xarici kapitalın cəlb edilməsi siyasətinə başlayıb. Bütün bu ölkələr böyük uğurlar əldə edib. Açıq bazar dedikdə maliyyə, texnologiya, menecment, biznes mədəniyyəti investisiyalarını nəzərdə tutmaq lazımdır. Azad bazar münasibətlərinin formalaşdırılması üçün isə Aİ kimi qurumlarla əməkdaşlıq zəruridir...