İradə Cəlil, Sputnik Azərbaycan
BAKI, 12 may — Sputnik. Bir müddət əvvəl Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında Böyük Mərdəkan qəsri və Tuba Şah məscidində təmir-bərpa işlərinin aparılması haqqında niyyət məktubu imzalanıb. Belə ki, bərpa işləri Dövlət Xidmətinin nəzarəti altında TİKA tərəfindən həyata keçiriləcək.
Bu barədə Sputnik Azərbaycan-a xidmətin mətbuat katibi Fariz Hüseynov məlumat verib. Hələlik isə qala ziyarətçilərinin üzünə açıqdır.
Biz də vəziyyəti nəzərə alaraq, təmir işləri başlamamışdan öncə qaladan reportaj etməyə qərar verdik.
Öncə onu qeyd edək ki, Mərdəkan Bakının ən qədim qəsəbələrindən hesab edilir və 1936-cı ildə qəsəbə statusu alıb. Tarixçi Sara Aşurbəylinin araşdırmalarına görə, Mərdəkan "Mərd" qəbiləsinin yaşadığı ərazi olduğu üçün "mərd"lər məkanı, "mərd"lər vətəni olaraq adlandırılıb. Burada Hacı Zeynalbidin Tağıyevin, Musa Nağıyevin, Şəmsi Əsədullayevin bağları olub.
Mərdəkanın qəsəbədaxili yolları darısqaldır. Mərdəkanlılar həm də başqa Bakı kəndlərinin əhalisindən fərqlənirlər. Söz soruşmaq istəyəndə "sizi tanımıram, danışmaram" deyəni də var, az qala ünvana qədər aparıb yol göstərəni də.
Soraqlaşa-soraqlaşa Mərdəkan qalasını tapdıq. Qəsəbə sakinləri dedilər ki, qalaya kənd ağsaqqalı Vidadi Əmirulla oğlu nəzarət edir.
Vidadi kişinin evi də elə qalanın yanında yerləşir. Qalanın həyətinə girdikdən 5-10 dəqiqə sonra Vidadi kişi gəldi. Salamlaşıb danışırıq. Deyir ki, ömrünün 40 ildən çoxunu bu qalaya həsr edib.
Bizimlə danışan zaman qalada əcnəbi ziyarətçilər olduğu üçün bələdçi onlara yol göstərir, abidə haqqında məlumat verirdi. Həm də ingilis dilində. 73 yaşlı bələdçinin ingilis və rus dillərində bu qədər rahat danışması maraqlı gəldi.
Vidadi Əmirulla oğlu dedi ki, uşaq yaşlarında rus dili bölməsində təhsil aldığı üçün rus dilini yaxşı bilir. İngilis dilini isə oğlundan öyrənib. Öz növbəsində oğlu da uzun illər Misirdə çalışdığı üçün bir neçə dildə sərbəst danışır.
Əcnəbi turistlər getdikdən sonra Vidadi kişi qala haqqında bizə məlumat verməyə başladı. Dediyinə görə, qala 1187-i ildə Mənüçöhrün oğlu I Axsitan tərəfindən inşa etdirilib: "Bəzən saytlarda qalanın tarixini XIII-XIV əsr kimi verilir. Amma bizim əlimizdə faktlar var ki, qala XI əsrdə inşa edilib. Qalanın hündürlüyü 22 metrdir. Burada 5 qapalı otaq və ən üstdə müşahidə otağı var. 1722-1723-cü illərdə I Pyotrun qoşunlarının hücumu zamanı dəniz donanması lokal döyüşlərdə qalanın divarlarını dağıdıb. Sonradan həmin yerlər taxta ilə hörülüb. Zamanla həmin taxtalar eroziyaya uğrayıb. 1959-cu ildən yenidən təmir edildi. İndi vəziyyət elədir ki, mən məktəb uşaqlarını yuxarı qoymuram. Çünki mərtəbələr arasında olan taxta arakəsmələr sıradan çıxıb. Qalaya çıxmaq təhlükəlidir" – deyə Vidadi kişi bildirir.
Qalanın divarlarında müxtəlif ölçülərdə məşəl və şam yerləri oyulub. Bu yerlər bütün mərtəbələrdə var. Qalaya qalxan pilləkən darısqal və ensizdir. Orta mərtəbələrdə pilləkənlərarası məsafə genişlənir. Yəni bir pilləkəndən digərinə enib-düşmək üçün birində oturub, digərinə düşməli və ya qalxmalı olursan. Pilləkənlərin müxtəlif formada işlənilməsinin də öz mənası var. Qalanın nəzarətçisi deyir ki, orta mərtəbələrdə pilləkənlər arasında olan məsafənin böyük olması qalaya çıxmağı çətinləşdirmək üçün nəzərdə tutulub.
"O dövrlərdə müharibələr olanda qadın və uşaqlar bu qalada saxlanırmış. Qalalar müharibə zamanı qadın və uşaqların sığınacaq yeri hesab edilib. Qalanın daxilində yeraltı yol da var. Deyilənə görə, Abşeron qalalarının yeraltı yolları onlarla birləşdirir. Amma bu yollar sonadək tədqiq edilməyib" – deyə nəzarətçi qeyd edir.
Qalanın həyətində 3-4 metr dərinliyində 98 yeraltı quyular var. Deyilən görə, bu quyularda ərzaq saxlanılırmış.
Bir tərəfdə isə müxtəlif əsrlərdən qalma eksponatlar, qab qırıqları yığılıb.
Vidadi kişi deyir ki, Mərdəkanda kim nə qədimi eksponat tapsa gətirib ona verir. O da, bütün tapıntıları qalanın həyətinə yığır.
"Bura hər gün onlarla turist gəlir. Mərdəkan qalası hər zaman turistlərin diqqət mərkəzində olub. Ərəb turistlərlə oğlum Rəşad danışır, qala haqqında məlumat verir. İngilis və ya ruslar gələndə isə özüm danışıb məlumatlandırıram. Çalışıram ki, bura gələn hər kəs razı getsin. Azərbaycan haqqında yüksək fikirdə olsun. Bəlkə də inanmazsınız, mən bu qalanı üçüncü övladım hesab edirəm. Burada sakitləşirəm. Qalanın həyətində gəzdikdə elə hesab edirəm ki, əsrlər əvvələ düşmüşəm. Düşünücələrimi bəlkə də izah edə bilmirəm. Amma mən bu qala ilə yaşayıram" – Vidadi Əmirulla oğlu hisslərini açıqlayır.
Qalanın yanında yerləşən "Tuba şah" məscidi isə 1482-1483-cü ildə inşa edilib.
Dövlət xidmətinin məlumatına görə, qala təmir edilən zaman məsciddə təmir ediləcək.