Yenilməzlik rəmzi sayılan əfsanəvi, sirli qala

© Sputnik / Shahperi AbbasovaƏlincə qalası
Əlincə qalası - Sputnik Azərbaycan
Abunə olmaq
Haqqında söhbət açacağımız qala Azərbaycanın ən çətin dövrlərinə şahidlik edib desək, yanılmarıq

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 1 yanvar — Sputnik. Naxçıvan - Tarixi abidələr diyarı... Bu torpağın hər dağı, hər daşı bizə tarix danışır sanki... Qədim diyarı mədəniyyətin beşiyi, sivilizasiyanın mərkəzi də hesab etmək olar. Buradakı qalaların Azərbaycan, eləcə də dünya mədəniyyət tarixində xüsusi əhəmiyyəti var. Haqqında söhbət açacağımız qala Azərbaycanın ən çətin dövrlərinə şahidlik edib desək, yanılmarıq.

Söhbət Naxçıvan-Marağa memarlıq məktəbinin ən qiymətli nümunələrindən biri olan, Culfa rayonunun Xanəgah kəndində, Əlincə çayının sağ sahilində yerləşən Əlincə qalasından gedir. "Əlincəqala" tarix-mədəniyyət muzeyinin bələdçisi Fatma Dünyamalıyeva qala haqqında Sputnik Azərbaycan-a danışarkən deyib ki, qalanın xatırlandığı ən qədim mənbə ulu dastanımız "Kitabi Dədə Qorqud"dur. Dastanda Əlincə qalası möhkəm istеhkam qala kimi təsvir оlunur. Bundan başqa, Nuh dastanı ilə bağlı Şumer və Naxçıvan əfsanə və rəvayətlərdə Əlincə qalanın da adı keçir.

© MOVQEƏlincə qalası
Yenilməzlik rəmzi sayılan əfsanəvi, sirli qala - Sputnik Azərbaycan
Əlincə qalası

O bildirib ki, abidə yazılı qaynaqlarda X yüzillikdən başlayaraq, "Alın­caq", "Alancıq", "Əlincək" və "Əlincə" kimi qeyd olunub: "Muzey bələdçisinin sözlərinə görə, bu adın qədim türk dilindəki "alan" (yastı, düzənlik, meydan) sözündən yarandığı ehtimal edilir: "Qədim türk dilində dağın təpəsi anlamını verən "alın" və qənimət anlamı daşıyan "alınc" sözləri olub. Əlincəqalanın adı və onun tikiliş tarixi məlum deyil. Deyilənə görə, dağın adı "əlini çək" kimi də işlənib".

"Yaşlı həmyerlilərimiz Əlincəqalanın adını Nuh peyğəmbərin nəticəsi Alınca xanın adı ilə bağlayırlar. Qalanın yerləşdiyi kəndin camaatı da elə qalanın özü kimi möhkəm olub. Yerli əhali 14 il ərzində 4 dəfə Əmir Teymurun qoşunlarının hücumlarına müqavimət göstərib. Teymurləngin 4000-lik qoşununa qarşı 600 nəfər döyüşüb. Teymurləng əhalini əsarətdə saxlasa da, əhəngi suya qatıb axıdırmışlar ki, o, bunu unlu su bilsin. Bununla da ac olmadıqlarını, onlara boyun əymədiklərini göstərirmişlər" – bələdçi vurğulayıb.

Əlincəqalanın hündürlüyü 2000 m-dir. 1300 pilləkəndən ibarət olan qalaya qalxmaq olduqca çətindir. Qaladan baxanda, sanki bütün Naxçıvan ayağının altındadır. Çıxılması çətin olan, sıldırım qayalıqlarla əhatə olunmuş qala azərbaycanlıların mübarizlik və yenilməzlik simvolu kimi tanınıb.

© MOVQEƏlincə qalası
Yenilməzlik rəmzi sayılan əfsanəvi, sirli qala - Sputnik Azərbaycan
Əlincə qalası

Fatma xanım qeyd edib ki, Atabəylər dövlətinin (1136- 1225) baş xəzinəsi Əlincə qalasında saxlanılıb: "Şəmsəddin Eldənizin hakimiyyəti dövründə (1136-1175) Əlincədəki saraylar və yardımçı binaların bir çoxu Eldənizlər dövlətinin sifarişi ilə tikilib. Qalada çoxlu sayda hovuz aşkar olunub. Bu hovuzlara qar-yağış suları toplanırmış. Həmin suyu daşdan süzərək içməli su halına gətirirmişlər. Bundan başqa, təndirlər, yay, qış otaqları, ərzaq anbarları da aşkar olunub. Təndirlər vasitəsilə qış otaqlarını qızdırırmışlar. Bütün bunlar indi də qalır".

"Qala Cəlairlər, Qaraqoyunlular, Ağqoyunlular, sonra da Səfəvilər dövründə öz möhtəşəmliyini qoruyub. Mübarizlik rəmzi sayılan qala həm də hürufilərin yaşayış məskəni, qiyam və mübarizə məkanı olub. Hürufiliyin banisi Fəzlullah Nəimi 1394-cü ildə Miranşahın əmri ilə Əlincə qalasında öldürülüb, Xanəgah məbədində (Əlincə qalasının yaxınlığında) dəfn edilib. Əlincə Naxçıvan hakimi Zahidə xatunun da iqamətgahı məhz bu qala olub. Yüksəklikdə yerləşən Əlincəqalanın çevrəsindəki qəbiristanlıq və türbələr, xanəgahlar bu yerlərin uzun illər abad yaşayış məskəni olduğundan xəbər verir" - deyə F.Dünyamalıyeva əlavə edib.

© MOVQEƏlincə qalası
Yenilməzlik rəmzi sayılan əfsanəvi, sirli qala - Sputnik Azərbaycan
Əlincə qalası

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin "Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında" 2005-ci il 6 dekabr tarixli sərəncamının icrası ilə əlaqədar Muxtar Respublika ərazisindəki tarixi abidələr qeydə alınıb pasportlaşdırılarkən "Əlincəqala" haqqında da məlumatlar toplanıb.

Bu abidə 2007-ci ildə dünya əhəmiyyətli abidələrin siyahısına daxil edilib.

Xəbər lenti
0