BAKI, 10 may — Sputnik. "Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolunun xətlərini birləşdirəcək stansiya Axalkalakidə olmalıdır". Sputnik Gürcüstan xəbər verir ki, bunu Gürcüstanın Baş Naziri Mamuka Baxtadze ölkənin "Birinci kanal"ına açıqlamasında deyib.
"Bakı-Tbilisi-Qars bizim üçün olduqca strateji layihədir və üç ölkə arasında imzalanan sənəd var. Razılaşmada bu layihənin hansı prinsiplər əsasında həyata keçiriləcəyi aydın şəkildə göstərilib. İşlərin böyük hissəsi artıq bitib və biz mövcud mühəndislik həlləri əsasında layihəni yekunlaşdıracağıq. Mühəndislik həllinə əsasən, birləşdirici stansiya Gürcüstan ərazisində, Axalkalakidə olmalıdır" - deyə Baxtadze vurğulayıb.
O, eyni zamanda bildirib ki, post-sovet məkanında olan dəmiryolu xətlərinin Avropa xətlərinə keçidi, məhz Gürcüstan ərazisində olacaq: "Ankarada baş tutan görüş digər rakursa malik görüşdür. Üç ölkənin imzaladığı razılaşmaya əsasən, yalnız bu üç ölkənin hamısının razılığı ilə layihəyə digər oyunçu cəlb oluna bilər".
"Məhz Gürcüstan ərazisində birləşdirici stansiya olacaq. Bu stansiyada Avropa standartına uyğun dəmiryolu bizim standartlara uyğun dəmiryoluna birləşdiriləcək və bu, Axalkalikədə baş verəcək. Başqa bir variant nəzərdən keçirilmir" - Baxtadze əlavə edib.
Qeyd edək ki, ümumi uzunluğu 846 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.
Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdıracaq. Gələcəkdə Avropa və Asiya ölkələrinə məxsus yüklərin bu dəmir yoluna cəlb edilməsi hər iki istiqamətdə multimodal daşımaların həcmini artıracaq. Belə ki, üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacağı nəzərdə tutulur.
Bu, onu göstərir ki, Azərbaycan ilə yanaşı, Gürcüstan və Türkiyə də tranzit daşımalarından yüksək gəlir əldə edəcək. Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Bu yol istifadəyə veriləndən sonra mövcud yükdaşımalarla müqayisədə zaman fərqinin iki dəfəyədək azalması müşahidə olunacaq ki, bu da layihənin iqtisadi səmərəsini daha da artırır.
Bakı-Tbilisi-Qars dəmir yolunun digər önəmli cəhəti isə Azərbaycanın bu layihənin verdiyi imkanlardan istifadə edərək Türkiyə ilə Gürcüstan ərazisindən birbaşa dəmir yolu əlaqəsi qurmasıdır. Bu dəmir yolu regionda turizmin inkişafına da güclü təsir göstərəcək. Beləliklə, öz əhəmiyyətinə görə qlobal səciyyə daşıyan Bakı-Tbilisi-Qars dəmir yolu iki qitəni polad relslərlə birləşdirərək böyük sosial-iqtisadi səmərəyə zəmin yaradır.
Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa ən böyük töhfədir. Bu töhfənin təməlində Azərbaycan, Gürcüstan və Türkiyənin sarsılmaz dostluğu və qardaşlığı dayanır.