ELM

Birinci sinfə qəbulla bağlı gözlənilməz problem meydana çıxıb

Abunə olmaq
Təhsil Nazirliyi məsələnin bir hissəsinə aydınlıq gətirsə də, əsas sual açıq olaraq qalır

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 29 aprel — Sputnik. Yeni tədris ili ilə əlaqədar olaraq ümumtəhsil məktəblərin birinci siniflərinə qəbul başlayıb. Artıq valideynlər uşaqlarını onlayn qaydada qeydiyyatdan keçirirlər. Bunun üçün valideynlər əvvəlcə məktəbi, daha sonra isə müəllimi seçərək sorğu göndərirlər.

Первоклассник в День знаний в одной из школ Баку - Sputnik Azərbaycan
ELM
Birinci sinfə qəbul üzrə 40 minə yaxın müraciət olunub

Qeydiyyatın onlayn qaydada aparılması şəffaflığın təmin edilməsi məqsədi daşıyır. Ancaq Sumqayıt şəhərində yaşayan bir qrup valideyn onlayn qeydiyyat prosesindən narazıdır.

Sputnik Azərbaycan-a Sumqayıt şəhər 25 saylı tam orta məktəbinin məktəbəqədər hazırlıq qrupunda təhsil alan 27 uşağın valideynləri şikayət ediblər. Şikayətdə deyilir ki, onların övladları 1 ildir 25 saylı orta məktəbdə Aysel Baxışovanın məktəbəqədər sinfində təhsil alırlar.

Valideynlər indi uşaqlarını həmin məktəbdə Aysel Baxışovanın sinfinə qeydiyyatdan keçirmək istəyirlər. Ancaq saytda qeydiyyata düşmək istəyən zaman məktəbdə 4 başqa ibtidai sinif müəlliminin adı çıxır, Aysel Baxışovanın adı isə yoxdur.

Şikayətçilərin sözlərinə görə, məktəbdən onlara bildirilib ki, 4 müəllimin sinfinə qəbul planı tam dolmalıdır. Ancaq bundan sonra daha gənc olan Aysel Baxışova üçün sinif açıla bilər.

Bundan narazı qalan valideynlər Sumqayıt Şəhər Təhsil İdarəsinə də müraciət ediblər. Qurumdan isə valideynlərə deyilib ki, narahat olmasınlar, sistemdə Aysel Baxışovanın adı çıxacaq. Ancaq günlər keçsə də, hələ də problem həll olunmayıb.

Valideynlərin narahatlığına aydınlıq gətirmək məqsədilə Sputnik Azərbaycan-ın əməkdaşı Təhsil Nazirliyinə sorğu göndərib. Nazirliyin sorğuya bir neçə gündən sonra göndərdiyi cavabını olduğu kimi təqdim edirik:

Məlahət Mürşüdlü - Sputnik Azərbaycan
Təhsil eksperti birinci sinfə qəbul prosesindən danışır

"Sumqayıt Şəhər Təhsil Şöbəsindən bildirilir ki, müəllim Baxışova Aysel İbrahim qızı 2017-2018-ci tədris ili üçün MİQ müsabiqəsində iştirak edərək 50 bal toplayıb və Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbə ibtidai sinif müəllimi göndərilib. Həmin tədris ilində A.Baxışova səhhəti ilə əlaqədar olaraq sinif rəhbərliyindən imtina edib və öz ərizəsinə əsasən, ibtidai siniflərdə yığma dərs saatı aparıb.

2018-2019-cu tədris ilində müəllim A.Baxışova adı çəkilən məktəbdə məktəbəqədər qrupunda məşğələ aparıb, lakin cari ilin mart ayında I siniflərə elektron qəbul sistemi fəaliyyətə başlayarkən IV sinifdə dərs aparmadığına görə A.Baxışovanın adı sistemə daxil edilməyib və bu hal valideynlərin ciddi narazılığına səbəb olub.

Təhsil Nazirliyindən də bildirilir ki, Qaydalara uyğun olaraq,1-ci siniflər hazırda 4-cü sinifi aparan müəllimə verilib və hazırlıqda olan uşaqlar avtomatik olaraq 1-ci sinifə otuzdurulublar. Sumqayıt şəhəri 25 nömrəli tam orta məktəbdə 3 hazırlıq qrupu olub. Həmin məktəbdə 3 buraxılış sinfi var və buna uyğun olaraq 3 (üç) 1-ci sinif açılıb. Yəni, buraxılış siniflərinin sayına uyğun olaraq yeni siniflər açılıb".

Nazirliyin açıqlamasından sonra isə növbəti sual meydana çıxır: Əgər məktəb direktoru müəllimə sinif verə bilməyəcəyini bilirdisə, o zaman niyə həmin müəllimə məktəbəqədər hazırlıq sinfi açırdı? Bu sualı cavab almaq məqsədilə də Təhsil Nazirliyinə yenidən sorğu göndərdik. Təəssüf ki, bu sualımıza aydınlıq gətirilmədi.

Xəbər lenti
0