BAKI, 27 aprel — Sputnik. SOCAR Azərbaycan Qran-prisinin ikinci günündə birinci yarış geridə qalıb. Sputnik Azərbaycan xəbər verir ki, Formula 2 üzrə birinci yarış bitib.
Yarış heç də bütün pilotlar üçün uğurlu olmayıb. Bir çox pilot yarışı vaxtından tez bitirməli olub. Belə ki, Culian Alezi, Mik Şumaxer, Quanyu Çjou, Tatyana Kalderon, Kallum Aylott, Lui Deletraz, Sette Kamara yürüş zamanı bolidləri xəsarət aldığı üçün trekdən çıxmalı olublar.
Formula 2-nin birinci yarışının qalibi "Kampos" komandasının pilotu Ceyk Eytken olub. İkinci yeri "ART Grand Priksin" pilotu Nik Devriz tutub. Üçüncü pillədə isə "MP Motosport" komandasının pilotu Cordan Kinq qərarlaşıb.
Qeyd edək ki, Formula 2 üzrə ikinci yarış isə 13:10-14:00 aralığında keçirilir.