Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 26 aprel - Sputnik. Bakıda keçirilən SOCAR Azərbaycan Qran Prisində “Formula 1”in birinci gün “Williams” komandasının pilotu Corc Rassellin başına gələnlərlə yadda qaldı. Belə ki, Rassellin bolidi drenaj lyukunun qapağına toxunub. Nəticədə boliddə texniki problem yaranıb. Pilot isə vaxtından tez yarışı tərk etməli olub. Hətta sərbət yürüş də təxirə düşüb. Baş verən hadisəyə “Formula 1” şərhçisi Rəhim Əliyevin mövqeyi də maraqlıdır.
O, Sputnik Azərbaycan-a bildirib ki, belə hadisələr Formula 1 üçün heç də yeni deyil: “İlk dəfə bu yarışa baxan insan üçün belə olay qəribə gələ bilər. Amma tarixə nəzər salsaq görərik ki, şəhər içi traslarda dəfələrlə belə hadisələr baş verib. 2010 və 2016-cı illərdə Monakoda, 2017-ci ildə Malayziyada oxşar hadisələr baş vermişdi. Malayziyada “Haas” komandasının pilotu drenaj sisteminin lyukunun üstündən keçəndə təkər dağılmışdı, nəticədə bolid sıradan çıxmışdı. Qeyd edim ki, bu hadisələr yarışın finalı zamanı baş verib. Bizdə isə adi sıralama turnirində belə hal olub. Ümumən adi olaydır. Əsas odur ki, ciddi hadisə olmadı. Sadəcə Formula 1 sevənlər üçün pis oldu ki, bir sessiya təxirə salındı” - deyə R.Əliyev əlavə edib.
O, qeyd edib ki, bu ilin ən yaxşı yarışında seçim olan zaman baş verən bu problem bizim əleyhimizə işləməyəcək: "Çünki azarkeşlər əsas yarışa qiymət verir, adi sıralama turuna yox. Ona görə də təsir etməyəcək. O ki qaldı komandaya dəyən ziyanın ödənilməsinə. “Formula 1”də iştirak edən komandalar və pilotlar sığortalanır. Çox güman ki, sığorta şirkəti 1 il müddətində araşdırma aparacaq və nəticədə komandaya dəymiş ziyanı ödəməli olacaq".