BAKI, 26 aprel — Sputnik. Bakı Şəhər İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Reklam Agentliyi, Bakı Nəqliyyat Agentliyi rəhbər nümayəndələrinin, Şəhər İcra Hakimiyyətinin strukturuna daxil olan təsərrüfat xidmətlərinin rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, müşavirədə ölkə rəhbərinin siyasəti nəticəsində Bakının dünyanın ən gözəl şəhərlərindən birinə çevrildiyi qeyd edilib, paytaxtın mərkəzi hissəsində vəziyyətin nümunəvi olduğu vurğulanıb, bəzi ətraf ərazilərdə, xüsusilə əhalinin, ticarət obyektlərinin və nəqliyyat vasitələrinin sıx olduğu ərazilərdə bir sıra problemlərin mövcud olduğu bildirilib.
Müşavirədə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə uyğun olaraq paytaxtın sıxlıq müşahidə olunan ətraf ərazilərində yanğın təhlükəsizliyinin təmin olunması, yanğınsöndürmə nəqliyyat vasitələrinin obyektlərə sərbəst yetişməsi, tıxacların aradan qaldırılması və bu ərazilərin memarlıq üslubunun və estetik görünüşünün müasir standartlar səviyyəsinə çatdırılması məqsədilə müvafiq tədbirlər görüləcək.
"Bu məqsədlə aidiyyəti qurumların nümayəndələrindən ibarət qərargah yaradılıb. Qərargah üzvləri artıq küçələrin və buradakı obyektlərin inventarlaşmasına başlayıblar. İlkin olaraq Xətai rayonu, Məhəmməd Hadi küçəsi və Nizami rayonu Qara Qarayev prospektində bu işlərə başlanılıb. İnventarlaşmanın nəticəsinə uyğun müvafiq tədbirlər planı hazırlanıb həyata keçiriləcək" - deyə o bildirib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı xüsusi vurğulayıb ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq bu işlərin həyata keçirilməsi zamanı heç bir sahibkar zərər çəkməməli, onların mənafelərinə uyğun əməkdaşlıq olmalıdır.