BAKI, 24 aprel — Sputnik. Ötən gün bəzi saytlarda Sumqayıt Şəhər 1 saylı Doğum Evində məktəbli qızın doğuş zamanı övladının tələf olması ilə bağlı məlumat yayılmışdı. Adı qeyd olunmayan məktəblinin isə Sumqayıt Şəhər 21 saylı orta məktəbin şagirdi olduğu bildirilirdi.
Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı Sumqayıt Şəhər 21 saylı orta məktəbin direktoru ilə əlaqə saxlamağa çalışsa da, məktəbdən onun işdə olmadığı deyildi.
1 saylı Doğum Evindən isə bildirildi ki, onların belə bir məlumatı verməyə, təsdiqləyə və ya inkar etməyə ixtiyarları yoxdur: "Səhiyyə Nazirliyi bizə məlumat verməyi qadağan edib".
Öz növbəsində Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verildi ki, hazırda işi hüquq-mühafizə orqanları araşdırdığı üçün bu barədə məlumat verə bilməzlər.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə Sputnik Azərbaycan-a bildirdi ki, hazırda fakt üzrə araşdırma aparılır, əlavə məlumat araşdırmanın yekununda veriləcək.