BAKI, 15 aprel — Sputnik. "Ötən gün Leyla Ucalın şəxsi "Facebook" səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət olaraq müəllif Təhsil Nazirliyinə dəvət edilib və qeyd olunan məsələnin təfərrüatları bu gün onun iştirakı ilə müzakirə ediləcək". Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov məlumat verib.
O qeyd edib ki, bəhs edilən internat məktəbinə bir neçə media qurumu da bu gün səfər edib, orada olan vəziyyətlə bilavasitə özləri də tanış olub və yaxın saatlarda bu barədə reportajlar təqdim edəcəklər: "Məlumat üçün bildirirəm ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəlif media qurumlarının iştirakı ilə dəfələrlə tanışlıq səfərləri təşkil edilib və nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib".
Xatırladaq ki, ötən gün Leyla Ucal adlı "Facebook" istifadəçisi öz səhifəsində 2017-ci ildə yaşadığı hadisəni qələmə alıb. O qeyd edib ki, 2017 ildə 2 həftə (cəmi 10 dərs saatı) Mərdəkanda valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün nəzərdə tutulmuş 2 saylı internat məktəbində dərs deyib və məktəbdəki neqativ halları işıqlandırıb.