BAKI, 8 aprel — Sputnik. Azərbaycanlı sərbəst güləşçi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisi üzərində parlaq qələbə qazanıb. Sputnik Azərbaycan xəbər verir ki, 65 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən idmançı ermənistanlı Vazgen Tevanyana 1/8 final mərhələsində qalib gəlib.
İdmançımız birinci hissədə rəqibini xalçadan çölə çıxararaq bir xal qazanıb. Ermənistan idmançısı qolundan zədə alıb və görüş bir az təxirə salınıb. Hacı Əliyev ikinci raundda da rəqibindən üstün olub və nəticədə döyüşdən qalib ayrılıb. İdmançımız növbəti rəqibinin müəyyənləşməsini gözləyir.
Azərbaycanın daha bir güləşçisi Ağahüseyn Mustafayev (70 kq) Ermənistan təmsilçisi ilə üz-üzə gələcək. O, 1/4 finalda dünya və Avropa çempionu David Safaryanla görüşəcək.
Qeyd edək ki, bu gün digər sərbəst güləşçilər Mahir Əmiraslanov (57 kq), Ağahüseyn Mustafayev (70 kq), Cəbrayıl Həsənov (79 kq) və Nurməhəmməd Hacıyev (97 kq) mübarizəyə qoşulub. Avropa çempionatına aprelin 14-də yekun vurulacaq. Yarışa Azərbaycanın, ümumilikdə, 28 idmançısı qatılıb.
Oyunları canlı olaraq bu KEÇİDdən izləyə bilərsiniz.