Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Allah, bilirik cisim deyil, bəs nədir Allah?

Abunə olmaq
Onu istədiyin an, istədiyin yerdə tapa bilməzsən, Onu tapmaq üçün həyatın müxtəlif üzlərini görməlisən

BAKI, 27 mart — Sputnik.

İnsan, təpədən dırnağa sən arzu-diləksən!

Nəfsində doyumsuz, fəqət eşqində mələksən!

Zülmün üzünə haqq deyilən şilləni çəksən,

Şilləndə möhürlənmiş o qeyrətdədir Allah!

Bəxtiyar Vahabzadə

Bir gün hamı tanrını tapacaq. Kim yaxud nə olduğunu bilmədən ona kor-koranə tapınanlar, tanrını sadəcə dünyanın və həyatın sahibi olan bir mülkədar kimi tanıyanlar əvvəl-axır anlayacaqlar batinlə zahirin, şüurla hissin arasında yerləşən o ali varlığın mahiyyətini.

Прямая линия с президентом России Владимиром Путиным - Sputnik Azərbaycan
RUSİYA
Putin ateistlər və Allaha inam barədə danışdı

Bəxtiyar Vahabzadə bundan təxminən qırx il əvvəl tanrını tapmışdı və onu müəyyən qədər təsvir edə bilmişdi. O, "Allah" şeiri ilə tanrını tapdığını hamıya car çəkmişdi: "Həqiqətdədir Allah! Ləyaqətdədir Allah! Sədaqətdədir Allah! Məhəbbətdədir Allah!" və s.

Fars xalq mahnısı olan "Ha Leyli"nin musiqisinə türk müğənnisi Mehtap Demir Bəxtiyar Vahabzadənin "Allah" şeirini uyğunlaşdırıb və ifa edib. Kifayət qədər uğurlu uyğunlaşdırma alınıb. Şeir sanki özünün orjinal melodiyasını tapıb.

Daha sonra Xalq artisti Səkinə İsmayılova bu mahnını ifa edib. Söz və musiqinin uğurlu tandemi öz əsl ifadə formasını, həqiqi səslənişini, orjinal səsini isə Səkinə xanımın ifasında tapıb. Yüzillər əvvəl xalq tərəfindən yaradılmış fars musiqisi, 20-ci əsrin 80-ci illərində yazılmış Bəxtiyar Vahabzadə şeiri, 21-ci əsrin 19-cu ilində Səkinə İsmayılovanın səsi – bir mükəmməl mahnının yüzillik doğuluş tarixi! Qəribə deyilmi?

Məncə, tanrını tapmaq da eyni ilə bu cür qəribədir. Onu istədiyin an, istədiyin yerdə tapa bilməzsən. Onu tapmaq üçün həyatın müxtəlif üzlərini görməlisən. Vicdanı nadanlıqdan, həqiqəti yalandan, sədaqəti xəyanətdən, ləyaqəti nankorluqdan, dürüstlüyü saxtakarlıqdan ayırmağı biləndə yaxınlaşırsan tanrıya.

Vicdanlı, dürüst, sadiq olmağın səni necə üzüağ etdiyini biləndə, hiylə-kələklə, boyunduruqla yox, zəhmətlə çörək qazanıb bunun səni necə xoşbəxt etdiyini görəndə tapırsan tanrını. Bu, mükəmməl hissdir!

Əgər sən tanrını tapmısansa, deməli, bütün bəşərin önündə başıdik dayana bilərsən! Heç kimin sənə nəyisə minnət etmək haqqı olmayacaq! Heç kimin səni alçaltmaq və ya ələ salmaq ixtiyarı olmayacaq! Sənin mənəvi keyfiyyətlərində təcəssüm edən tanrı səni həmişə üzüağ, alnıaçıq və məğrur edəcək. Yetər ki, sən onu tap və ona itaət et!

Cahil enər alçaqlığa öz qəlbinə yenməz!

Vicdandan əgər dönsə də, xeyrindən o dönməz!

Zülmətdə, cəhalətdə, ədavətdə görünməz!

İlqarda, sədaqətdə, məhəbətdədir Allah!

Mövzu tanrının mahiyyəti olarsa, Bəxtiyar Vahabzadənin poetik istedadı ilə Səkinə İsmayılovanın ilahi səsi birləşərsə, bir də bütün bunların fonunda musiqisi ilə dünyaya meydan oxuyan fars xalqının avazı eşidilərsə, ərsəyə gələn əsər də məhz "Allah" mahnısı kimi şedevr olacaq.

Səkinə xanım İsmayılova Azərbaycanın musiqi tarixində, muğam sənətində özünəməxsus yer tutur. Onun səs tonunun, ifa tərzinin, səhnə hərəkətlərinin bənzəri və təkrarı yoxdur. Qeyri-adi boğazları, xüsusi şirinlikləri, bütün ifalarına zərrə-zərrə səpələnmiş orjinal xırdalıqları, ifa etdiyi mahnıya verdiyi ruh və xarakter ilə öz üslubunu yaratmış sənətkardır.

Səkinə xanım hər hansı bir mahnını ifa edərkən o mahnıda çox da diqqət çəkməyən hansısa bir sözü və ya hecanı elə mükəmməl avazla təqdim edər ki, melodiya da, söz də asanlıqla dinləyicinin hafizəsinə yazılar. Bunu bacarmaq bir ifaçı üçün kifayət qədər çətin, amma fövqəladə uğurludur.

Novruz bayramı ərəfəsində Səkinə İsmayılovanın ifasında dinlədiyimiz "Allah" mahnısı müasir musiqi səhnəmizdə Allahın səsli ifadə formasıdır. Görünür, Allah müasir musiqimizdəki dərəbəyliyi, özbaşınalığı, hərc-mərcliyi görüb və Səkinə xanım vasitəsi ilə öz varlığını, harada olduğunu, necə olduğunu xatrılatmaq istəyib. Mən təsadüflərdən daha çox bu ali şüura inanıram!

Təşəkkürlər, Bəxtiyar Vahabzadə! Və təşəkkürlər, Səkinə xanım İsmayılova!

Xəbər lenti
0