Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 19 mart — Sputnik. Bir neçə gün öncə ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranlar arasında 8-ci dünya birinciliyi başa çatıb. 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı mundialda Azərbaycan milli komandasının üzvləri də iştirak ediblər.
Yarışın son günündə körpücük üzərinə idmançımız Rəhman Kazımov (102 + kq) çıxıb.
Atlet təkanla qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 174 kq nəticə göstərib. Yekunda o, bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb. İdmançı qızıl mükafat qazanıb.
Rəhman Kazımov Sputnik Azərbaycan-la qələbə sevincini bölüşüb. İdmançı deyib ki, qələbə qazanacağına inanmırdı: "Üçüncü yerə ümid edirdim. Düşünürdüm rəqiblərim məni üstələyə bilər. Amma mən hamısından güclü çıxdım və qızıl medalı boynumdan asdım. Buna görə çox sevincliyəm".
İdmançı dopinqlə ciddi mübarizə apardığını da dilə gətirib: "Biz əlimizdən gələni edirik ki, dopinqdən uzaq olaq. Bizə hətta ciddi nəzarət var. Yeməyimizə, suyumuza da nəzarət edirlər. Xüsusilə də nəzarət edilməyən suyu içə bilmərik. Bunun hamısı da dopinqdən qorunmaq üçün edilir. Bir sözlə özüm də dopinqdən qorxuram".