Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan
BAKI, 14 mart — Sputnik. "Hazırda qlobal inkişaf bir sıra çətinliklərlə üzləşib. İkinci Dünya Mübarisindən sonra dünya bir sıra dəyişikliklərlə, çətinliklərlə üz-üzədir".
Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün VII Qlobal Bakı Forumunda çıxışı zamanı Albaniyanın prezidenti İlir Meta deyib. O bildirib ki, dünya dəyişikliklərə hazır olmalıdır.
"Hazırda beynəxlaq arenada yeni qüvvələr meydana çıxıb. Onlar hərbi mənada öz qüdrətlərini günbəgün artırırlar ki, bu da ölkələrin təhlükəsizliyi üçün ciddi təhddidir. Son illər terrorçular texnoloji inqilabın nailiyyətlərindən də istifdə etməyə başlayıblar. Bunun nəticəsində kibercinayətkarlıq və kiberterrorizm kimi anlayışlar meydana çıxıb" - Meta vurğulayıb.
O qeyd edib ki, dünya enerji siyasətində, enerji sahəsində də dəyişikliklər baş verib: "Albaniya həm də tranzit ölkə olaraq Avropada strateji əhəmiyyətə malikdir. Belə ki, "Şahdəniz" yatağından çıxan qaz "Transadriatik" qaz boru kəməri vasitəsilə Avropaya çatdırılacaq. Bu da Avropanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir".
"Biz, həmçinin Balkan regionunda Şimali Makedoniya ilə Yunanıstan arasında bağlanan sazişi dəstəkləyirik. Bu saziş, həmçinin Serbiya ilə Kosova arasında başlayan dialoq Balkan regionunda əməkdaşlığın, rifahın yaxşılaşdırılmasına öz töhfəsini verəcək" - deyə ölkə başçısı vurğulayıb.