BAKI, 7 mart — Sputnik. Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslara dair tələblər təsdiq edilib.
Sputnik Azərbaycan Nazirlər Kabinetinə istinadla (NK) xəbər verir ki, tələblərdə qeyd edilir ki, Bakı şəhərinin inzibati ərazisində müntəzəm şəhərdaxili (qəsəbədaxili) sərnişin daşımalarını yerinə yetirən avtobuslar (bundan sonra – avtobus) onlar üçün irəli sürülən milli və beynəlxalq standartlara və normativlərə uyğun texniki təchizata malik olmalı və "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun saz vəziyyətdə saxlanılmalıdır. Dövri texniki baxışdan keçməmiş avtobuslar sərnişindaşımada istifadə edilə bilməz.
Avtobuslar salonu isitmə və sərinləşdirmə funksiyalı tam havalandırma sistemi, sağlamlıq imkanları məhdud şəxslər üçün arabaların və uşaq arabalarının girişi və çıxışı üçün mexanizm, nağdsız ödənişin aparılmasına imkan verən avadanlıq (qurğu), maksimal sürəti məhdudlaşdırmağa imkan verən qurğu,bütün salonu əhatə edən daxili və dörd tərəfdən xarici nəzarətə imkan verən və qeydə aldığı məlumatları ən azı 15 gün saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar, avtobusların hərəkətini izləmək üçün nəzərdə tutulmuş və Bakı Nəqliyyat Agentliyinin müəyyən etdiyi mərkəzi sistemə inteqrasiya olunmuş Qlobal Mövqetəyinetmə Sistemi (GPS) qurğusu, sərnişinlərə səsli məlumatları çatdırmaq, o cümlədən dayanacaq məntəqələrini bildirmək üçün istifadə olunan audioqurğu ilə təmin edilməlidir.
Avtobuslarda sərnişin qapıları açıq olduqda, ayaqaltını işıqlandıran işıq cihazı, qapıları açıq vəziyyətdə hərəkətə başlamanı məhdudlaşdıran qurğu və ya xüsusi səs siqnalı, sərnişinlərlə sürücünün fiziki təmasını istisna edən şəffaf kabinə,ayaq üstə dayanan sərnişinlərin sayına uyğun olan 4 dayanıqlı əl tutacaqları, dərman qutusu, hər birinin tutumu minimum 4 kq-lıq olan və 1 ədədi sürücü olan hissədə, digəri isə salonda yerləşdirilməklə 2 ədəd odsöndürən, qəza çıxış yeri pəncərəsinin şüşəsinin sındırılması üçün çəkic, diyirlənməyə qarşı dayaq olmalıdır.
Həmçinin avtobusun salonunda sürücünün görməsinə maneə yaratmamaq şərtilə salonu işıqlandıran ağ və ya ağ-sarımtıl işıqlar olmalıdır. Sutkanın qaranlıq vaxtı sərnişin daşınarkən, həmin işıqlar yandırılmalıdır.
Avtobusların salon şüşələrinə pərdə və başqa bu tipli örtüklər çəkilməsi qadağandır. Lakin günəş şüalarından qorunmaq üçün işıqburaxma dərəcəsi 60 faizdən aşağı olmamaqla, şəffaf tündləşdirilmiş şüşələrin tətbiq edilməsinə yol verilir.
Avtobuslarda ayaqaltı mexanizmi nəzərə alınmadan yerdən pillənin üst səviyyəsinə qədər hündürlük 300 mm-dək, hündürlüyün 300 mm-dək düşməsinə imkan verən pillə mexanizmi olduqda isə 410 mm-dək olmalıdır. Avtobuslar alçaq döşəməli olmalıdır. Avtobusların siniflərinə görə uzunluğu və oturacaq yerlərinin minimum sayı bu Tələblərin 1 nömrəli əlavəsində göstərilənlərlə uyğun olmalıdır.
Avtobuslarda sərnişinlər üçün çıxışların və qəza çıxış yerlərinin minimum sayı (qapılar, qəza çıxış pəncərələri və lükü) bu Tələblərin 2 nömrəli əlavəsində göstərilənlərə uyğun olmalıdır.
Qəza çıxış yerləri Azərbaycan və ingilis dillərində olmaqla işarələnməlidir.
Qəza çıxış pəncərələri asanlıqla və dərhal açılmaqla, yalnız çölə açılan olmalıdır. Qəza çıxış pəncərəsi təhlükəsiz şüşədən olmalıdır. Şüşə laminə edilmiş və ya plastik materialdan olmamalıdır. Qəza zamanı çıxış lükündən istifadə asan və rahat olmalıdır.
Avtobusların salonunda bu Tələblərdə nəzərdə tutulan, habelə maarifləndirici və reklam xarakterli əşyalar və qurğular istisna olmaqla, konstruksiyada nəzərdə tutulmayan hər hansı əşyanın yerləşdirilməsinə yol verilmir.
Avtobuslar müvafiq avtonəqliyyat vasitələri üçün qüvvədə olan ekoloji standartlara uyğun olmaqla, sıxılmış təbii qazvə ya elektrik mühərriki ilə təchiz edilməlidir.
Avtobusların banının qabaq, arxa və yan tərəflərinin üzərində Bakı Nəqliyyat Agentliyinin loqosu, qısaldılmış adı və ya abreviaturası (BNA) göstərilməlidir. Loqo aydın görünə bilən ölçülərdə olmalıdır.
Avtobuslarda Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən eyniləşdirmə nömrəsi və Agentliyin çağrı mərkəzinin nömrəsi olmalıdır. Bakı Nəqliyyat Agentliyinin loqosu, qısaldılmış adı və ya abreviaturası, eyniləşdirmə və çağrı mərkəzinin nömrələri hər bir avtobusun banında aşağıdakı qaydada yerləşdirilməlidir:
Banın ön hissəsinin üzərində sağ tərəfdə və banın arxa hissəsinin üzərində sağ tərəfdə, banın sağ tərəfində önə yaxın hissədə, banın sol tərəfində sürücü pəncərəsinin altında, avtobusun damının üstündə (yalnız eyniləşdirmə nömrəsi) ön tərəfə yaxın.
Eyniləşdirmə nömrələrinin hündürlüyü aşağıdakı kimi olmalıdır:
banın ön, arxa və yan tərəflərində – ən azı 130 mm; avtobusun damının üstündə – ən azı 500 mm.
Bakı Nəqliyyat Agentliyinin loqosu, qısaldılmış adı və ya abreviaturası, eyniləşdirmə və çağrı mərkəzinin nömrələri yazıların rəngi aydın oxunması üçün bu Tələblərin 3 nömrəli əlavəsinin 3A-3D hissələrində göstərilən nümunələrə uyğun olmalıdır.
Avtobusun üzərində reklam "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməklə yerləşdirilməli, avtobusun üzərinə bu Tələblərə uyğun yerləşdirilən zəruri məlumatları fərqləndirməyi çətinləşdirməməlidir.
Avtobusların qapılarının üzərində dekalkomaniya üsulu ilə və ya trafaretin köməyi ilə forma və ölçüləri bu Tələblərin 4 nömrəli əlavəsinə uyğun olan yaşıl rəngdə "Giriş" və qırmızı rəngdə "Çıxış" işarələri yazılır.
Avtobuslar marşrut lövhəsi ilə təchiz olunmalıdır. Marşrut lövhəsində marşrutun nömrəsi, başlanğıc, son və əsas aralıq dayanacaq məntəqələrinin adları göstərilməlidir. Marşrut lövhəsində məntəqə adları və rəqəmlər "Bookman" şrifti ilə yazılmaldır.
Marşrut lövhəsi avtobusun ön, arxa və yan tərəflərində yerləşdirilməlidir.
Ön, arxa və sağ yan tərəflərdə olan marşrut lövhələri lent şəklində informasiyanı dəyişmək imkanına malik çarxlı qurğusu olan elektron tablo və ya planşet şəklində olmalıdır, sol yan marşrut lövhəsi isə bərk materialdan hazırlanmalıdır. Ön marşrut lövhəsi avtobusun konstruksiyasında nəzərdə tutulmuş xüsusi oyuqda quraşdırılmalıdır. Oyuq olmadıqda, marşrut lövhəsi salonun içərisində standartlara müvafiq sürücünün yerindən zəruri görünüş mənzərəsinin tələblərini təmin etmək şərtilə hərəkət istiqamətindən sağ tərəfdə yuxarıda alın şüşəsinin arxasında quraşdırılır.
Avtobusların ön marşrut lövhəsində sol tərəfdən marşrutun nömrəsi, başlanğıc və son dayanacaq məntəqələri göstərilir. Hərflərin hündürlüyü yazıda hərflərin miqdarından asılı olaraq maksimum ölçüdə olmalıdır. Avtobusların ön lövhəsinin ölçüsü 200x900 mm-dən, hərflərin hündürlüyü 150 mm-dən, marşrutun dayanacaq məntəqələrinin adındakı hərflərin hündürlüyü 75 mm-dən, ştrixin eni 10 mm-dən az olmamalıdır. Sağ yan marşrut lövhəsi avtobusun konstruksiyasında nəzərdə tutulmuş xüsusi oyuqda quraşdırılmalıdır.
Oyuq olmadıqda, avtobusların yan marşrut lövhələri xüsusi qurğunun köməyi ilə salonun içərisində pəncərə üzərində aşağıdakı qaydada yerləşdirilir:
birqapılı avtobuslarda qapıdan sonra birinci pəncərə yerinin sağ tərəfdən aşağı küncündə, ikiqapılı və üçqapılı avtobuslarda ikinci qapıdan əvvəl birinci pəncərə yerinin sol aşağı küncündə.
Sağ yan marşrut lövhəsində sol tərəfdə marşrutun nömrəsi və ardınca marşrutun başlanğıc, son və bir və ya bir neçə ən çox sərnişin olan aralıq məntəqələri göstərilməlidir. Hərflərin hündürlüyü yazıda hərflərin miqdarından asılı olaraq maksimal ölçüdə olmalıdır. Avtobusların sağ yan marşrut lövhəsinin ölçüləri 270x900 mm, rəqəmlərin hündürlüyü 200 mm-dək, marşrutun başlanğıc və son dayanacaq məntəqələrinin adındakı hərflərin hündürlüyü 75 mm-dək, ştrixin eni 15 mm-dək, aralıq dayanacaqların adlarındakı hərflərin hündürlüyü 35 mm-dək, ştrixin eni 7 mm-dək olmalıdır.
Marşrutun arxa lövhəsi avtobusun konstruksiyasında nəzərdə tutulmuş xüsusi oyuqda və ya arxa şüşənin içəri tərəfində xüsusi qurğularda və ya orta hissəsində quraşdırıla bilər.
Arxa və sol yan lövhələrdə yalnız marşrutun nömrəsigöstərilir. Arxada və sol yan tərəfdə marşrutun nömrəsi 220x350 mm-lik lövhədə, rəqəmlərin hündürlüyü 200 mm, bir rəqəmin eni 100 mm və ştrixin qalınlığı 15 mm ölçüdə olmalıdır.
Lövhələrdə yazılar Azərbaycan dilində olmalıdır.
Beynəlxalq hava limanı istiqamətində işləyən marşrutlarda sərnişin daşımalarını həyata keçirən avtobuslarda lövhələr Azərbaycan və ingilis dillərində yazılmalıdır.
Avtobuslarda nümunəsi və quraşdırılma yeri bu Tələblərin 3 nömrəli əlavəsinin 3A-3Ç hissəsində göstərilənlərə uyğun olan ön, arxa və sağ yan marşrut lövhələri (elektron tablolar) hər zaman işlək vəziyyətdə, aydın oxuna bilən və təmiz olmalıdır.
Lövhələrdə məlumat yazıları günün işıqlı və ya qaranlıq vaxtında ön və arxa lövhələrdə 15 m-lik məsafədən, yan lövhələrdə 3 m-lik məsafədən aydın görünən olmalıdır.
Banın sağ tərəfində giriş qapısına yaxın hissədə gediş haqqının nağdsız həyata keçirildiyi barədə məlumat yerləşdirilməlidir.
Avtobusların salonlarının daxili tərtibatı sərnişinlər üçün marşrutun nömrəsini, Bakı Nəqliyyat Agentliyinin loqosunu, qısaldılmış adını və ya abreviaturasını və onun verdiyi eyniləşdirmə nömrəsini,Bakı Nəqliyyat Agentliyinin çağrı mərkəzinin nömrəsini,sürücünün fotoşəkli və Bakı Nəqliyyat Agentliyi tərəfindən verilən fərdi kod nömrəsi olan kart (5 nömrəli əlavə),dərman qutusu və odsöndürənin yerini, marşrut sxemini (şəhərdaxili marşrutlar üçün), gediş haqqının məbləğini, müvafiq ödəniş etmədən getməyə görə inzibati cərimə barədə məlumatı, giriş, çıxış və qəza çıxışlarının yerini, hərəkət zamanı texniki təhlükəsizliyə riayət olunması haqqında xəbərdarlığı, uşaqlar, hamilə qadınlar və sağlamlıq imkanı məhdud şəxslər üçün oturacaq yerlərini,tütün çəkməyin qadağan olunması barədə məlumat, maarifləndirici məlumatlar yer almalıdır.
Lövhələrdəki informasiya yazılarına müvafiq simvolik təsvirlər (piktoqramlar) əlavə edilə bilər və ya həmin yazılar təsvirlərlə əvəzlənə bilər (6 nömrəli əlavənin 6A-6E hissələri).
Avtobus sürücüsünün fotoşəkli və fərdi kod nömrəsi olan kart avtobus salonunda ön panelin yuxarı hissəsinə və ya sürücünün kabinəsinin arakəsməsinə yerləşdirilməlidir.
İnformasiya lövhələri (Bakı Nəqliyyat Agentliyinin loqosu,qısaldılmış adı və ya abreviaturası və Agentliyin verdiyi eyniləşdirmə nömrəsi, gediş haqqının və cərimənin məbləği) sürücünün kabinəsinin arakəsməsinə vurulur.
Avtobuslarda sağlamlıq imkanları məhdud şəxslərin arabaları və uşaq arabaları üçün xüsusi işarələnmiş yerlər və müvafiq təhlükəsizlik sistemi olmalıdır.
Avtobuslarda sürüşməyən döşəmə örtüyü tətbiq edilməli,interyerin bütün detalları (oturacaqlar, tavan və s.) qüsursuz, yanğın təhlükəsizliyinin tələblərinə uyğun olmalıdır.
Uşaqlar, hamilə qadınlar və sağlamlıq imkanları məhdud şəxslər üçün yerləri göstərən lövhələr müvafiq yerlərin yanında və ya arxasında pəncərə yerinin üzərində və ya paneldə vurulur.
Avtobus marşrutunun sxemi avtobusun salonunun içərisində bütün sərnişinlərin yaxşı görə biləcəyi yerdə vurulmalı və növbəti dayanacağın göstərildiyi elektron lövhə şəklində olmalıdır.
Marşrut sxemində bütün dayanacaq məntəqələri göstərilməlidir.
Avtobusun marşrutu üzrə hər bir dayanacaq və növbəti dayanacaq audioqurğu vasitəsilə elan edilməlidir.
İnformasiya lövhələrinin fonu və məlumat yazıları,habelə piktoqramlar sərnişinlər tərəfindən aydın oxunula və qavranıla bilən rənglərdə olmalıdır.
Avtobusun salonunda reklam informasiyası "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmaqla, xüsusi bərkidilmiş planşetlərdə yerləşdirilməli və sürücünün görünüş sahəsinə mane olmamalıdır.