Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 6 mart — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Güzəşt yalnız fiziki şəxslər üçün nəzərdə tutulub və 10 min ABŞ dollarına qədər borcu olan şəxslərə aid olunacaq.
Maraqlıdır, Prezidentin bu fərmanı, yəni dollarla olan kredit borclarının bir hissəsinin dövlətin öz üzərinə götürməsi əhalinin problemlərini nə qədər yüngülləşdirəcək? Sputnik Azərbaycan bu suala cavab tapmaq məqsədilə sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Cavabları olduğu kimi təqdim edirik:
Bəxtiyar Hacıyev: "Yüngülləşməyinə, xərclərimiz yüngülləşəcək. Amma haradan bilək ki, nə qədər yüngülləşəcək? Gərək bizim ödəniş kağızlarını, faizləri və s. qabağına qoyub hesablayan, vurub-çıxan ekspert ola. Hər vətəndaş özü hesablaya bilməz bu cəncəli".
Afaq Cəbrayılova: "Bizim də dollarla kreditimiz var. Banka getdik ki, nəsə öyrənək, açıqlama verən olmadı. Dedilər, "özümüz çağıracağıq". Ona görə heç bilmirik nə dərəcədə problemlərimiz yüngülləşəcək".
Asim Bağırov: "Mənim 8 min dollar kreditim var idi. Ümid edirəm, geri qaytaracaqlar. Bu yeniliyi eşidəndə çox sevindim".
Rumiyyə Miraslan: "Dollarla kreditə görə 11 minlik kreditimiz 22 min olmuşdu, biz də məcbur olub ödədik. Ancaq kreditin stressindən səhhətimdə ağır problem yarandı və xəstəxanaya düşdüm, indiyə qədər müalicə alıram. Sağlamlığıma zərbə dəydi".
Rəbiyyə Zərdabi: "Banklar yenidən borcu olan şəxslərə zəng etməyə başlayıb. Qərarı heçə sayırlar? İnsanlara heç bir aydınlıq vermirlər. Qərar əlimizdə ola-ola "bizim xəbərimiz yoxdur" deyirlər. "Siz pulu ödəyin, artıq olsa, onsuz da qaytarılacaq" bildirirlər. Bu, nə məntiqdir, anlamıram".
Kübra Əliyeva: "Vaxtında 2000 dollar götürmüşdük, doların kursu 0.78 olanda. Sonra onun qarşılığında banka 5-6 min manat ödədim. Görəsən, bizim itirdiklərimizi də qaytaracaqlar?"
İlkin Nəcəfzadə: "Çox möhtəşəm sərəncamdır. Alqışlayıram. Həyatımda ilk dəfə banka zəng edib deyəcəyəm ki, pulumu gətirib verin, yoxsa məhkəməyə verərəm. Bundan gözəl həzz ola bilməz. Digər tərəfdən minlərlə ailənin həyatı yüngülləşəcək".
Kazım Kazım: "Minlərlə vətəndaşın ölkədən çıxış bloku ləğv olunacaq. Məncə, Prezident tərəfindən böyük addımdır".