BAKI, 4 mart — Sputnik. Venesuelanın müxalifət lideri Xuan Quaydo Ekvador prezidenti Lenin Moreno ilə görüşdən sonra ölkəyə qayıtmaq niyyətində olduğunu bildirib.
Sputnik Azərbaycan "Haber7"ə istinadla xəbər verir ki, Xuan Quaydo öz tərəfdarlarını Venesuelanın prezidenti Nikolas Maduroya qarşı etiraz aksiyalarında iştirak etməyə çağırıb.
Quaydonun Venesuelaya gələn zaman saxlanılma ehtimalı da var. Quaydo fevralın 23-də Venesuelanı tərk edərək Kolumbiyaya gedib. Sonra Braziliya, Paraqvay, Argentina və Ekvadora səfər edib.
Maduronun legitimliyini qəbul etməyən Quaydo ABŞ ilə yanaşı, bir çox Qərb və Latın Amerika ölkələrinin dəstəyini alır.
Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya, Meksika, Boliviya, Türkiyə isə Maduronu dəstəklədiklərini bildirib.