BAKI, 25 fevral — Sputnik. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Əl Səud Avropa İttifaqı – Ərəb Birliyi sammitində çıxışı zamanı gözlənilməz bəyanat səsləndirib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, kral Fələstinlə bağlı çıxışı zamanı "1937-ci il sərhədləri" ifadəsini işlədib.
Misirin ev sahibliyi etdiyi sammitdə çıxış edən kral Salman bin Əbdüləziz Səudiyyə Ərəbistanının Fələstinlə bağlı məsələdə mövqeyinin dəyişməz olduğunu dilə gətirib: "Paytaxtı Şərqi Qüds olan 1937-ci il sərhədlərində Fələstin dövlətinin qurulması da daxil olmaqla Fələstin xalqının bütün haqlarının geri qaytarılması haqqında dəyişməz siyasətimizin olduğunu təkrar vurğulayırıq".
Kralın 1967-ci il sərhədləri yerinə "1937-ci il sərhədləri" ifadəsini işlətməsi diqqəti çəkib. Məsələ ilə bağlı nə Səudiyyə Ərəbistanı, nə də İsraildən olan rəsmilər hər hansı bir açıqlama veriblər.
Qeyd edək ki, 21 aktiv üzvü olan Ərəb Birliyindən yalnız 11-i sammitə kral, əmir və prezident səviyyəsində qatılıb. Toplantıda 4 ölkə baş nazir və xarici işlər naziri, iki ölkə isə daha aşağı təmsilçi ilə qatılıb.