İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 18 fevral — Sputnik. Goranboyda qəribə hadisə baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, rayonun Eyvazlılar kəndində sürüyə hücum edən canavarlar çobana hiss etdirmədən bir neçə heyvanı sürüdən ayıraraq özləri ilə aparıb.
Belə ki, kənd sakini Kamil Əhmədov özünə və bir neçə sakinə məxsus qoyunları otaran zaman 3 canavar xırdabuynuzlulara hücum edib. K.Əhmədov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində canavarları görən zaman səs-küy edib, vəhşi heyvanları uzaqlaşdırmağa çalışdığını deyib.
Qoyunları acgöz canlılardan xilas etdiyini düşünən kənd sakini, heyvanları örüşdən qaytaran zaman 5 baş qoyunun sürüdə olmadığını görüb. Bundan sonra ətraf ərazilərdə axtarışa çıxan sakinlər gecəyədək axtarsalar da, qoyunların nə ölüsündən nə dirisindən bir əlamət tapa bilməyiblər.
Yırtıcılar tərəfindən aparılan heyvanlardan 3-ü Kamil Əhmədovun özünə, 2-i isə Oqtay Xəlilova məxsusdur.
Sakinlər son vaxtlar ərazidə canavarlara tez-tez rastlaşdıqlarını deyirlər və onların daha böyük fəsadlara səbəb olacağından narahatdırlar.
Qeyd edək ki, bir neçə gün öncə qonşu Boluslu kəndində də fermalardan birinə hücum edən canavarlar 7 baş qoyunu da parçalayıb.