BAKI, 15 fevral — Sputnik. Kuba ABŞ-ın humanitar yardım pərdəsi altında Venesuelaya müdaxilə etmək üçün Karib hövzəsində xüsusi qüvvələrini yerləşdirdiyini irəli sürüb.
Sputnik Azərbaycan BBC-yə istinadla xəbər verir ki, Kuba hökumətinin açıqlamasına görə, ABŞ hərbi təyyarələri ötən həftə Puerto-Riko və Dominikan ölkələri daxil olmaqla regiondakı strateji yerlərə eniş edib. Hökumətin açıqlaması Kubanın kommunist qəzeti olan "Granma"da dərc edilib.
Qəzetdə gedən xəbərə görə, 6-10 fevral tarixləri arasında eniş edən təyyarələrdən böyük ehtimalla bu ölkələrin hökumətlərinin də bir məlumatının olmadığı irəli sürülüb.
ABŞ prezidenti Donald Trampın Venesuela nümayəndəsi Elliott Abrams isə bunu yeni bir yalan adlandırıb. Dominikan Respublikasının xarici işlər naziri Migel Vargas da bu iddianı təkzib edib.
ABŞ prezidenti ötən gün verdiyi açıqlamada Venesuela böhranı ilə əlaqədar olaraq bütün variantların masada olduğunu söyləyib. Venesuelanın parlament sədri Xuan Quaydo özünü Venesuelanın müvəqqəti prezident elan etməsinin üstündən üç həftə keçib. ABŞ daxil olmaqla 50 ölkə Xuan Quaydoyu prezident kimi tanıyıb və ölkənin erkən seçkilərə getməsini tələb edib.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton 25 ölkənin Venesuelaya humanitar yardım göndərmək məqsədilə 100 milyon dollar topladığını açıqlayıb.
Humanitar yardımın Kolumbiya və Braziliya sərhədlərində yerləşən qaçqın mərkəzlərinə və Karib adasına göndəriləcəyi bildirilib. Quaydo humanitar yardımın 23 fevral tarixindən etibarən Venesuelaya girməsini istəyir. Maduro isə Kolumbiya sərhədinə qoşun yeridib və humanitar yardımın girişinə imkan verməməyi qarşısına məqsəd qoyub.