BAKI, 15 fevral — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Tramp fövqəladə hal tətbiq etməklə ölkənin cənubunda divar tikintisi üçün 8 milyard dollar əldə etmək niyyətindədir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Fox News" telekanalı ABŞ Administrasiyasından olan mənbəyə istinadən xəbər verir.
Qeyd edək ki, Tramp Konqresdən divar tikintisi üçün 5,7 milyard dollar ayırmasını tələb edib, lakin rədd cavabı aldığından ölkə tarixində ən uzun müddət davam edən "shutdown" baş verib. Fevralın 14-ü ABŞ Konqresinin hər iki palatası ABŞ büdcəsini maliyyə ilinin sonuna qədər təsdiqləyib. Lakin bu büdcədə divar tikintisi üçün yalnız 1,4 milyard dollar ayrılıb.
Birləşmiş Ştatlar prezidentinin mətbuat katibi Sara Sanders bəyan edib ki, Tramp, eyni zamanda hər iki palatanın razılaşdığı büdcəni imzalayacaq, həm də sərhəddə fövqəladə vəziyyət elan edəcək.