BAKI, 12 fevral — Sputnik. Bir müddət əvvəl Polşada itkin düşən azərbaycanlı gənc Çexiyanın Brno şəhərində tapılıb.
Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, əslən Gürcüstanın Borçalı mahalından olan, 1995-ci il təvəllüdlü Lələyev Hüsü Zalımxan oğlu iki gün əvvəl Çexiyada həmyerlisi tərəfindən tapılıb.
İki il əvvəl dostları ilə Polşaya işləməyə gedən H.Lələyev ötən ilin sentyabrında Varşavada itkin düşüb. Polis tərəfindən axtarış aparılsa da, onu tapmaq mümkün olmayıb. Ötən həftə həmyerlisi tərəfindən Brnoda tapılan azərbaycanlının itkin düşmə səbəbi bəlli olub. Belə ki, 2018-ci ilin sentyabrında Çexiyaya gələn H.Lələyevi Brno yaxınlığında yolda avtomobil vuraraq qaçır. Hadisə yerində huşunu itirən gənci ətrafdakılar şəhərdəki xəstəxanaya çatdırılar. Kimsəsizlikdən tam müalicə ala bilməyən, sənədlərini də itirən azərbaycanlının yaddaşında problem yaranır və uzun müddət müxtəlif şəraitdə yaşayır.
Artıq o, həmyerlilərinin himayəsindədir.