Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 11 fevral — Sputnik. Gürcüstanın azərbaycanlı icması ətrafındakı vəziyyəti anlamaq baxımından Avropanın Etnikliyin və Multikulturalizmin Tədqiqi Mərkəzinin yeni analizinə önəm vermək lazımdır. Bunu Gürcüstan İnsan hüquqları üzrə Qafqaz Monitorinq Mərkəzinin rəhbəri Elbrus Məmmədov Sputnik Azərbaycan-a müsahibəsində deyib.
O, qeyd edib ki, son tədqiqatlar Gürcüstanın azərbaycanlı icmasının ölkənin siyasi həyatında aşağı səviyyədə iştirakı, formal təhsilin aşağı səviyyədə olduğu, diskriminasiya və mədəni ieraraxiyası barədə geniş statistik informasiyalar verir. Həmin tədqiqat "Kvemo-Kartlidə azərbaycanlıların kimlik problemləri, onların siyasi və sosial aspektləri" adlanır.
Tədqiqat "Milli azlıqların siyasi həyatda iştirakının artırılması" layihəsi çərçivəsində həyata keçirilir. Bu layihəyə ATƏT-in milli azlıqların hüquqları üzrə Ali Komissarı dəstək verib.
"Burada tədqiqatçılar - Sopo Zviadadze və David Cişkariani suallar veriblər: "İcmada "oyanma" baş veribmi və bunun səbəbləri nədir? Yeni kimliyin əsasları nədir? Kvemo-Kartli azərbaycanlıları özlərini necə qəbul edirlər?" Əgər biz azərbaycanlıların 30 il ərzində həll edilməmiş və üst-üstə yığılmış problemləri barədə informasiya əldə etmək istəyiriksə, həmin analizlə tanış olmalıyıq" - deyə Məmmədov bildirib.
Gürcüstanın ictimai təşkilatlarının ekspertləri ilk olaraq anlayıblar ki, susmaq sonra çox mürəkkəb nəticələrə səbəb olur. Problemlərin üst-üstə qalanması ümumilikdə Avropanın hüquq institutlarının tələbinə uyğun olaraq qurulmuş fundamental hüquqi keyfiyyətlər baxımından Gürcüstan cəmiyyətinə zərbə vurur.
"Mən bu hesabatdakı bəzi problemlərin qoyuluşu ilə razılaşmıram. Düşünürəm ki, onların mənbəyi azərbaycanlı icmasının əleyhinə olan milliyyətçilərdir. Amma hesabatda siyasətdəki vəziyyət, Azərbaycan ictimaiyyətinin tez-tez dövlət dilini bilməməsi səbəbindən üzləşdiyi inteqrasiya problemləri ilə bağlı faktların bəyan edilməsini müsbət məqamlar hesab edirəm. Dövlət strukturları tez-tez bununla bağlı məsuliyyəti azərbaycanlı icmasının üzərinə qoymağa çalışır ki, guya azərbaycanlılar dövlət dilini öyrənmək istəmir" - deyə ekspert bildirib.
Onun fikrincə, azərbaycanlıların ölkənin həyatında siyasi iştirak səviyyəsi çox aşağıdır: "Onların inzibati vəzifələrdə məşğulluq səviyyəsi isə heç dörd faizə də çatmır. Ona görə azərbaycanlıların təhsil səviyyəsini artırmaq və regionun iqtisadi inkişafının dayanıqlılığını təmin etmək zərirudur. Azərbaycanlı gənclər gürcü universitetlərində təhsil almalıdır, valideynlərindən fərqli olaraq onlar gürcü dilində ünsiyyət qurmağı bacarmalıdırlar. Gənclər gürcü siyasəti və dövlət ideyası ilə daha çox əlaqəlidirlər və ölkənin siyasi həyatında iştirak etmək istəyirlər".
Sənədin əsas məqsədi azərbaycanlı icmasının problemlərinə, özünü tanımasına və onların siyasi aspektlərinə diqqət yetirməkdir. Məmmədovun sözlərinə görə, hazırda gənclər özünütanıma mövzusuna sosial şəbəkələr vasitəsilə daha fəal şəkildə müraciət edirlər: "Gənclər milli özünütanımanın yeni formasını "kəşf etməkdədir". Bəzi maraqlı qüvvələr azərbaycanlı ismasını "yenidən formalaşdırmaq" adı altında Gürcüstandakı azərbaycanlı gəncləri öz köklərindən ayırmağa və onların immunitetlərini zəiflətməyə cəhd edirlər. Nəticədə uydurulmuş subetnik kütlə yaranır".
"Mən dəfələrlə digər məqalələrimdə də qeyd etmişəm ki, bütün bu dəyişikliklər azərbaycanlıların assimilyasiyasına gətirib çıxaracaq" - deyə ekspert əlavə edib.
Sözügedən hesabatda göstərilir ki, Gürcüstan cəmiyyətinin müəyyən hissəsi "biz" və "başqaları" modelinə görə davranır. Azərbaycanlılar gürcü dilini bilmədiyinə, islam dininin daşıyıcısı olduğuna və etnik mənsubiyyətinə görə asanlıqla "digərləri" qrupuna aid edilir.
Sopo Zviadadze və David Cişkarianinin etirafına görə, 90-cı illərdə Kvemo-Kartli regionunun "gürcüləşdirilməsi" xüsusilə diqqəti cəlb edib. Ekspert deyib ki, yeni siyasi rejim də öz sələflərinin yazdığının silinməsinə və yenidən yazılmasına çalışır: "Yaddaşın silinməsi prosesi hər şeydən əvvəl simvolik çərçivədə - şəhər, kənd, küçə və meydan adlarının dəyişdirilməsi, köhnə abidələrin yeniləri ilə əvəz edilməsi səviyyəsində gedir".
"Kvemo-Kartlidə sovet rəmzlərinin dəyişdirilməsi prosesi daha çox milli xarakter daşıyıb. 1990–1991-ci illərdə burada təkcə sovet adları dəyişməyib, həm də sovet rejiminə qədərki Azərbaycan kəndlərinin adları da dəyişdirilib (məsələn, Faxralı - Talaveri, Arıxlı-Naxiduri, Qoçulu - Çapala və s.). Bütün bunlar azərbaycanlı icması üçün çox ağrılıdır və onun kimliyinin tanınmadığını göstərir" - Mərkəz rəhbəri vurğulayıb.
Tədqiqatlar azərbaycanlıların kompakt yaşadığı regionlarda məmurların neqativ rol oynadığına da diqqət çəkib. "Kvemo-Kartlidə qubernator administrasiyasının hazırladığı videomateriallar da Gürcüstan dövlətinin və siyasi istebleşmentinin regionu necə qəbul etdiyini göstərir. Videoyazılarda bu regionda etnik azərbaycanlıların yaşadığını göstərən bir dənə də olsun simvol, mədəni artefakt yoxdur" - deyə tədqiqatçılar bildirib.
Müsahibimiz isə, bu prosesi arzuolunmaz adlandırıb: "Bu, çox təhlükəlidir. Çünki biz azərbaycanlı və gürcü xalqının dostluq münasibətlərindən danışırıq".