Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 10 fevral — Sputnik. Bir neçə il öncə futbol oyunu gedən stadionlardakı səsdən qulağımız batardı. Hətta bir dəfə İsmət Qayıbov adına stadionundan iki dəstə azarkeşin böyük hay-küylə, qışqırıqla çıxdığının şahidi olmuşdum. Hamı səsə çölə qaçmışdı. Qışqıranlar isə "Xəzər Lənkəran" və "Neftçi"nin azarkeşləri idi. Hər iki klubun azarkeşləri var gücləri ilə öz klublarını dəstəkləyirdilər.
İndi isə nə o klubların həmin gücü qalıb, nə də o azarkeşləri. Son illərdə oyunlarda futbolçuları ancaq məşqçiləri və klublarının 3-5 işçisi dəstəkləyir. Qol vurulanda isə futbolçu tribunada adam tapa bilmir ki, üzünü ona tərəf çevirib sevinsin.
Futbol ictimaiyyətinin nümayəndələri bu problemin hansı səbəblərdən qaynaqlandığını Sputnik Azərbaycan-a danışıblar.
Futbol yazarı Kənan Məstəliyevin fikrincə, səbəb çox sadədir: "Ölkə futbol tarixində ən böyük azarkeş dəstəyi olan, bu baxımdan ən böyük potensiala malik regionlar Premyer-Liqada təmsil olunmur. Tovuz, Gəncə faktiki olaraq cansız əşya kimi I Divizionda var-gəl edir. Qusar, Mingəçevir, Qazax, Naxçıvan və başqaları Region Liqasında vaxt keçirir, Lənkəran isə, ümumiyyətlə, yoxdur. Liqadakı 8 klubun 6-sı faktiki olaraq Bakını təmsil edir, "Qəbələ" Qəbələni təmsil etsə də, demək olar ki, paytaxtda məskunlaşıb, "Sumqayıt" da, demək olar ki, Bakı komandasıdır. Belə olan halda, stadionda azarkeşin olmaması çox normaldır".
"Nişan və toy mərasimlərinə futbol oyunlarından daha çox adam gəlir. Baş verənləri ifadə etmək üçün deyiləcək söz tapmaq mümkün deyil. Rəsmən rəzalətdir. Həll yolu isə çox sadədir: Premyer-Liqada klub sayı artırılmalı və gələnlər mütləq şəkildə regionları təmsil etməlidirlər. Başqa yolu yoxdur. AFFA Premyer-Liqadakı 8 klubdan 5-inə maliyyə dəstəyi verir və onlardan heç biri regionu təmsil etmir. Bu siyasət, bu baxış bucağı dəyişməlidir. Yoxsa, bir-iki ildən sonra camaat çempionatımıza nəinki tribunadan, heç televizordan da baxmayacaq" – deyə K.Məstəliyev bildirib.
İdman jurnalisti, aparıcı Sənan Şəfizadə də düşünür ki, azarkeşlərin stadiona gəlməsi üçün işlər görülməlidir: "Milli çempionatda maraqlı oyunlar çox deyil. Rəqabət əvvəlki illərdə olduğu qədər yoxdur. 5 il əvvəl 6-7 klub avrokuboklara vəsiqə uğrunda yarışırdı. İndi həmin rəqabət yoxdur. Üstəlik, artıq klublar səviyyəli legionerlər əvəzinə nisbətən ucuz futbolçularla maraqlanır. Azarkeş də düşünür ki, stadiona gedib nəyə baxacaq. Azarkeşin stadiona gəlməsi üçün ona keyfiyyətli məhsul təqdim olunmalıdır. Əks halda heç kim vaxtını sərf edərək stadiona gəlmək barədə düşünməyəcək. Klublar arasında intriqa, demək olar, yoxdur".
S.Şəfizadə bu məsələdə xarici ölkələrin təcrübəsini nümunə göstərib: "Bəlkə də müqayisə düzgün çıxmaz, amma Avropada hər klubun azarkeşlərlə işləyən şöbəsi - departamenti var. Onlar mütəmadi olaraq hər azarkeşlə məktublaşırlar. Onların stadionda olduğu müddəti maraqlı etmək üçün layihələr reallaşdırırlar".
"Azarkeş stadiona bir neçə məqama görə gedir: gərgin rəqabət olan maraqlı oyun izləmək, rəğbət bəslədiyi ulduz futbolçunu canlı görmək, tribunada unudulmaz anlar yaşamaq. Bütün bunlar bizim futbolda yoxdur. Xüsusilə seçilən ulduz futbolçumuz da yoxdur ki, ona görə minlərlə adam tribunaya axışsın. Belə olduğu halda da azarkeşlər yalnız avrokubok matçlarında stadionda gəlir. Ölkə çempionatı, o cümlədən millinin oyunlarına maraq böyük deyil" – deyə o qeyd edib.
Futbolçu Rail Məlikov isə oynadığı komandanın azarkeşlərinin kifayət qədər olduğunu bildirib: "Şəxsən deyə bilərəm ki, "Sumqayıt" futbol klubunun azarkeşləri oyunlarımıza yetərincə gəlirlər. Biz azarkeşlərimizdən razıyıq. Başqa komandaların azarkeşləri haqqında isə fikir bildirə bilmərəm".