"Almaniyanın Münhen şəhərində keçirilməsi planlaşdırılan Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın üçtərəfli görüşünə hazırlıq görülür". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüşü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Orta Asiyaya səfəri yenicə başa çatıb: "Hazırda üçtərəfli görüşə detallı şəkildə hazırlıq gedir. Görüşdən əvvəl sizə ətraflı məlumat verəcəyik" - deyə o bildirib.
Siyasi müşahidəçiləri belə bir sual düşündürür - Rusiyanın təşəbbüsü ilə baş tutacaq üçtərəfli görüş nə vəd edir?
Danışıqların intensivləşdiyi dövrdə bu görüşə diqqət çəkənlər az deyil. "Paşinyan amili" daha çox nəzərə alınır. Ermənistanda Moskvadan narazı olan qüvvələr hakimiyyətə gəlib. ABŞ bu ölkədə "narıncı inqilab" həyata keçirib. Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistanın bu təmsilçiliyi Paşinyan hakimiyyətə gəldikdən sonra formal xarakter daşıyır. Qərbin təsir dairəsini genişləndirməsi sadə vətəndaşlara müsbət heç nə vermədi. Ermənistanda iqtisadi iflasın qarşısını almaq mümkün olmur. Qərbin inqilablarından əziyyət çəkən daha bir bölgə ölkəsi Gürcüstandır. Rusiya siyasi dairələrində belə bir fikir formalaşıb ki, artıq rəsmi Tiflisin üzü Avropaya baxır və onu geri çevirmək mümkün deyil. Hətta bu gün Rusiya Abxaziya və Cənubi Osetiyanı gürcülərə qaytarsa belə, 2008-ci ildə ciddi itkilər vermiş Tiflis artıq Moskva ilə münasibətləri o qədər də asan tənzimləyə bilməyəcək. Rusiyanın dotasiyası ilə yaşayan Ermənistana isə başa salınır ki, Yerevanın Bakı ilə münasibətləri tənzimləməsi Rusiyanın maraqlarına cavab verir. Belə ki, bu ölkəni Rusiya ilə birləşdirəcək yeganə quru yolu Azərbaycandan keçir.
Rusiya Azərbaycan əlaqələrinin mövcud durumu rəsmi Bakının da yaranmış situasiyadan lazımınca yararlanmasına səbəb ola bilər. Qarabağ münaqişəsinin həllini yerindən tərpətmək üçün Madrid, Praqa, Kazan və mahiyyətcə bir-birindən o qədər də fərqli olmayan digər prinsipləri əsas götürərək, ilkin olaraq İranla sərhədyanı bölgələrdəki rayonların qaytarılmasına nail olmaq üçün ermənilərə təzyiq göstərir.
Erməni hakimiyyətinə, konkret olaraq, öz missiyasını yerinə yetirməyə gələn Paşinyana başa salınır ki, onun başqa çıxış yolu yoxdur. Və bu acı həbi daha rahat udmaq üçün erməni cəmiyyətinə iqtisadi dividendlər vəd edilir.
Azərbaycan və Ermənistana təklif olunan plan belədir – Ermənistan İranla sərhəddəki rayonları boşaldır, əvəzində rəsmi Bakı bu rayonlara güclü maliyyə qoymaqla yanaşı, sovet dövründə işləmiş Bakı-Noraşen dəmir yolunu işə salır. Rusiyadan gələn yüklər quru vasitəsi ilə Ermənistana çatdırılır. Dağlıq Qarabağın statusunun adıçəkilən prinsiplərə uyğun olaraq müzakirəsi isə 15-20 il sonraya saxlanılır.
Rəsmi Bakı isə 30 ildən bəri daşlaşmış münaqişənin həllinə başlamaqla yanaşı, cəmiyyətə daha bir mesaj verir: Bakı-Noraşen dəmir yolunun işə düşməsi həm də Naxçıvanın blokadadan çıxarılması deməkdir.
Təbii ki, ən qatı millətçi ermənilər belə onlara çörək gətirən qatara daş atmayacaqlar. Əlavə olaraq, Moskva Ankaranı Türkiyə-Ermənistan sərhəddini qismən açmasına razı sala bilsə, onda bir neçə ildən sonra erməni cəmiyyətindəki "miatsum" həvəskarlarının sayında da kəskin azalma müşahidə edilə bilər. 30 il aclıqdan əziyyət çəkən bir xalqın bir neçə illik yaxşı həyat işartılarından sonra yenidən milli qürurla müşayiət edilən aclığa qayıtmasını dəstəkləyənlər çox olmayacaq.
Qərbin Rusiya tərəfindən irəli sürülən bu layihəyə "hə" və ya "yox" deməsi üçün də öz arqumentləri var. Lakin bu oyunda əsas fiqurlardan biri İrandır. İranda gözlənilən dəyişikliklər regionda qlobal təlatümlərə səbəb ola bilər. Belə olan anda həm Rusiya, həm də Qərbə İran sərhəddində stabillik lazımdır.
Qərb onsuz da anlayır ki, İrana qarşı müharibə ssenarisi olsa belə, bu hücum Azərbaycan ərazisindən gerçəkləşə bilməz. Bakı buna razılıq vermək niyyətində deyil. Lakin İrana hücum zamanı milyonlarla insanın Azərbaycan sərhədlərini keçməsi ehtimalı həm Azərbaycanın, həm də Rusiyanın bölgədəki maraqlarına ziyan vura bilər. Belə gedişat Qərbin enerji layihələrinə də problem yarada bilər.
Transmilli korporasiyaların maraqlarının həm Vaşinqton, həm də Moskva üçün nə qədər əhəmiyyətli olduğunu nəzərə alsaq, bu supergüclərin İranın Azərbaycanla sərhəddindəki nəzarət olunan sabitlik naminə, Dağlıq Qarabağ probleminin "buzunun" yuxarıda göstərilən yolla sındırılmasına razılıq verə biləcəklərinə inanmaq olar. Azərbaycan coğrafi şəraitindən ədalətin bərpası üçün faydalanır. Bu baxımdan, Qarabağ münaqişəsinin nizamlanması ehtimalı get-gedə bir reallığa çevrilir...