BAKI, 1 fevral — Sputnik. "Xahiş edirəm, insanlar arasında çaşqınlıq yaratmayın. Babək prospektində yol çökməyib. Prospektin köməkçi yolunda magistral su kəmərində qəza baş verib və qəzanı aradan qaldırmaq üçün aidiyyəti qurum tərəfindən qazıntı işləri aparılır. Hər şeyə də çökmə demək məcburiyyətindəyikmi?".
Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli öz "Facebook" səhifəsində yazıb.
Hadisə ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyəti də məlumat yayıb. Məlumatda bildirilib ki, Babək prospektinin köməkçi yolunda su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar qazıntı işləri aparılıb: "Qazıntı işləri aparılarkən, bütün tikinti və texniki normalara əməl olunub. Qazıntı aparılan sahənin yaxınlığında məlumatverici lövhə, xəbərdarlıq nişanları və qoruyucu lentlər qoyulub".
"Mətbuatda yayımlanmış fotoşəkillərdə də məlumatverici lövhələrin və qoruyucu vasitələrin mövcud olması əksini tapıb. Bu xəbərdarlıqedici vasitələr gecə saatlarında hərəkətdə olan bir nəqliyyat vasitəsi tərəfindən dağıdılıb. Bundan sonra hərəkətdə olan digər nəqliyyat vasitəsi - “Mersedes” markalı avtomobil xəndəyə düşüb" - deyə qeyd olunub.
O da bildirilib ki, hadisə yerinə dərhal “Azərsu” ASC-nin əməkdaşları və texnikası cəlb olunub. Xüsusi texnika vasitəsilə avtomobil xəndəkdən çıxarılıb: "Hazırda ərazidə təmir işlərinin başa çatdırılması istiqamətində işlər davam etdirilir".
Xatırladaq ki, dünən axşam saatlarında Babək prospektində - Yeni Günəşli qəsəbəsindən üzü "Xalqlar Dostluğu" metrostansiyasına doğru gedən hissədə, prospektin Elşən Süleymanov küçəsilə kəsişməsində qazılan çuxur hərəkətdə olan maşınlara problem yaradıb.
Fevralın 1-nə keçən gecə həmin ərazidə hərəkətdə olan minik avtomobili çuxura düşüb. Sosial şəbəkələrdə və mətbuatda bu hadisə növbəti çökmə hadisəsi adlandırılıb.