BAKI, 1 fevral - Sputnik. "Azərbaycan ilə Gürcüstanın yüksək qonşuluq əlaqələri olsa da, buna qarşı hələ də fəaliyyət göstərən qüvvələr var".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin deputatı Əflatun Amaşov parlamentin bu gün keçirilən plenar iclasında, Gürcüstanda erməni terrorçusu Mixail Avaqyana abidə ucaldılması məsələsinə toxunarkən deyib.
Ə.Amaşov əmin olduğunu bildirib ki, bu abidənin ucaldılmasından Gürcüstan hökumətinin məlumatı olmayıb: "İnanırıq ki, prinsipial mövqeyiniz sayəsində qatil Avaqyanın abidəsi götürüləcək. Həmin qüvvələr yenə də iş başındadırlar. Hələ 2006-cı ildə Axalkalakidə başqa bir erməni terrorçusuna heykəl qoymuşdular. İndi isə bu addımı atdılar".
"Həmçinin Nəriman Nərimanovun Marneulidəki abidəsinə qarşı hörmətsizlik edildi. Ona görə də bu hallar tezliklə aradan qaldırılmalıdır" - deyə millət vəkili vurğulayıb.