Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan
BAKI, 30 yanvar — Sputnik. Daxili işlər orqanları bu sutka ərzində paytaxtda bir intihar və bir intihara cəhd hadisəsini qeydə alıblar. Bu barədə Sputnik Azərbaycan-a Qaradağ rayon Polis İdarəsindən məlumat verilib.
Məlum olub ki, yanvarın 29-da saat 18:15-də Ələt qəsəbəsində 57 yaşlı Əliyeva Səkinə Əhməd qızı öz evində asılmış vəziyyətdə tapılıb. Qaradağ rayon prokurorluğu faktla bağlı AR Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi açıb. Hələlik intiharın səbəbi məlum deyil.
Bununla başqa, Xəzər rayonunda Binə qəsəbəsinin 55 yaşlı sakini intihara cəhd edib. Yanvarın 28-dən 29-na keçən gecə Gülüstan Həsənova güclü zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Məlum olub ki, əsəb böhranı keçirən qadın evdə sirkə turşusu (essensiya) içib. Faktla bağlı Xəzər rayonunun hüquq-mühafizə orqanları araşdırma aparır. Hazırda qadının vəziyyəti qənaətbəxş sayılır.
Hüquq-mühafizə orqanları sözügedən qadınları intihara sürükləyən səbəbləri ayırd etməklə məşğuldur.