BAKI, 27 yanvar — Sputnik. Bu qrup vaxtilə populyar olsa da, onun üzvləri haqqında çox az məlumat var. Sputnik Azərbaycan-ın həmsöhbəti "Abşeron" qrupunun rəhbəri Şəhriyar Məhərrəmovdur.
- Xoş gördük, Şəhriyar bəy. Xalq sizi "Abşeron" qrupundan və sosial şəbəkələrdəki maraqlı, maarifləndirici, yenilikçi yazılarınızdan tanıyır. Şəhriyar Məhərrəmovun qısa bioqrafiyası hamıya maraqlıdır.
- Şəhriyar Tofiq oğlu Məhərrəmov. 1984-cü ildə Kürdəmir rayonunda anadan olmuşam. 15 ildən çoxdur Bakıda yaşayıram. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb "Kinoşünaslıq" ixtisasına yiyələnmişəm. Nə yazıq ki, Azərbaycanda kino yoxdur deyə, ixtisasım üzrə fəaliyyət göstərmirəm. Tələbəlik illərindən sonra İctimai Televiziyada səs müsabiqəsinə - "Star" layihəsinə qatıldım. Daha sonra dostlarımla birlikdə "Abşeron" qrupunu yaratdıq. 10 ilə yaxındır fəaliyyət göstəririk. Bu qrupun bədii rəhbəri və solistiyəm.
- Necə oldu ki, "Abşeron" qrupunu yaratmaq fikrinə düşdünüz?
- Mən o layihədə iştirak edəndə bir qrup yaratdılar. Qrupda mən də var idim. Restoranlarla işləyirdik. Qısa oldu o proses. Mən gördüm ki, tələbat var. Heç vaxt oxumaqdan ötrü ürəyim getməyib. Maddiyyat üçün başladım işə. Amma zamanla peşəkarlaşıb sənətə çevrildi.
- "Abşeron" qrupu ilk fəaliyyətinə hardan başladı – peşəkar səhnədən yoxsa el şənliklərindən?
- Təbii ki, el şənliklərindən başlamışıq, amma biz elə başlayan kimi də professional mahnı yazdırmışıq. Peşəkar aranjemançılarla işləmişik, bu mahnıların ərsəyə gəlməsi üçün vəsait yatırmışıq. Repertuarımızda heç vaxt bayağı mahnı olmayıb. Bu mahnıları teleməkanda da oxumuşuq.
- Niyə son dövrlər "Abşeron" qrupu efirdə görünmür?
- Gərək efir bizi çağırsın. Mən iş görürəm. Mahnı yazdırıram, klip çəkdirirəm. Bir mahnıya 1500-2000 manat arası pul verirəm. Bir o qədər də xərc klipə çıxır. Efir də deyir ki, 1500 manat ver, gəl, bir mahnı oxu. Mən o 1500-ə bir mahnı artıq alaram da. Onsuz da dövr internet dövrüdür. Sosial media var, "Youtube" portalı var və portal özlüyündə bir televiziyadır. "Abşeron" qrupunun bu portalda rəsmi kanalı var və qrupla bağlı bütün materiallar orda yayımlanır. "İnstagram" hesabımız var və qırx minə yaxın izləyicimiz var. Bizim işimiz budur, efir də, jurnalistlər də görür bizim işimizi. Efirə çağırırlar bayağı meyxana deyənləri və o tərz oxuyanları. Bizim təqdim etdiyimiz sənət onların işindən qat-qat üstündür. Onların bizi çağırmağı lazım da deyil.
- "Abşeron" qrupunun digər üzvləri kimlərdir?
- Elvin Hümbətov – Bakı Musiqi Akademiyasının məzunudur, ondan əvvəl Bülbül adına orta ixtisas məktəbində oxuyub. "Xalq Ulduzu" musiqi yarışmasında iştirak edib. Digər dostumuz Ceyhun İbrahimovdur. Əvvəl "Şeron" qrupunda oxuyub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Biz Azərbaycanda on ildir ki, fəaliyyəti davam edən və tərkibi dəyişməyən yeganə qrupuq.
- Nədir bu möhkəmliyin səbəbi? On il bu qrupu ayaqda tutmağınız nədən asılıdır?
- Bilirsiz, qrupun bir yerdə qalmağı çox çətindir. Həm musiqi zövqü, həm də xasiyyət uyğunlaşması vacib amildir. Məgər biz həmişə mehriban oluruq? Bizdə də problemlər olur. Amma biz bu probelmləri yerində və vaxtında həll edə bilirik. Amma mənə elə gəlir ki, əsas səbəb bizim səhnədən kənarda dost olmağımızdır. Ailəvi dostuq və bu da çox önəmlidir.
- Nə vaxtsa belə bir fikriniz olubmu ki, qrupdan ayrılıb fərdi fəaliyyət göstərəsiniz?
- Bunu çox deyirlər ki, niyə ayrılmırsan? Lakin qrupdan ayrılıb tək iş görmək üçün çox vəsait lazımdır mənə. Tək mahnılar yazdırmaq, kliplər çəkdirmək, reklam elətdirmək – bunların hamısı böyük məbləğlər tələb edir. Mən də bu pulları xərcləmək istəmirəm. Ən əsası, zəmanət də yoxdur ki, bu pullar xərclənəndən sonra sənin işin qəbul ediləcək xalq tərəfindən. Bu pulları xərcləyib sonra qazanmamaq da var.
- Sizcə, müasir musiqimizin problemləri nədir?
- Müasir musiqimizin problemi müasir cəmiyyətimizin problemidir. Cəmiyyət necə düşünürsə, necə yaşayırsa, o cür də zövqə sahibdir. Cəmiyyətimizin bütün mövzularda – ailə-məişət, geyim, cinsiyyət, musiqi, kino, teatr və digər bütün məsələlərdə böyük problemi var və bu da birbaşa mütaliəsizlikdən, dünyagörüşü zəifliyindən, müasir dünya ilə ayaqlaşa bilməməkdən asılıdır. Bu kütləvi psixoloji problemdir. İnsanlar fərdi düşünə bilmirlər. Dəhşətli dərəcədə mühafizəkarlıq hökm edir. Mentalitet, milli-mənəvi dəyərlərin saxlanılması insanlarda radikallağın artmasına, humanizmin zəifləməsinə aparır. Bütün bunlar inkişafa mane olur. Siz özünüz də yazıçısınız və çox gözəl bilirsiniz ki, bu cəmiyyət kitab oxumur. Bir-iki nəfər insan göstərici deyil. Bir il olmaz ki, Praqada idim. Qış mövsümü idi, qar yağırdı. İnsanın əli üşüyür də, ən azından. Amma dayanacaqda durub tramvay gözləyən beş nəfərdən üçünün əlində kitab var idi. O cəmiyyət, təbii ki, mədəni olacaq. Oxumayan cəmiyyətin necə musiqi, kino, teatr zövqü olar bilər ki? Belə cəmiyyətin dünyəvi, bəşəri dəyərlərə söykənəcək ideyaları ola bilməz.
- Bəs bayağı müğənnilərin bu qədər şöhrət qazanmasında – təkcə ölkədə deyil, ölkənin sərhədlərindən kənarda da tanınıb sevilməsinə səbəb nədir? Burda günahkar xalqdır, yoxsa həmin müğənninin özüdür?
- İnsanın özündə az da olsa vicdan olmalıdır da. İnsan pula çox qaçmalı deyil. Müğənnilər tanıyıram ki, onların çox gözəl səsi var. Musiqi təhsilləri də var, səhnə təcrübələri də. Amma son illərdə baxırlar ki, bu meyxanafason mahnıların dinləmə sayı çoxdur, gedib o da onlardan oxuyur. Oxuma da. Axı ayıbdır. Nə var ki, ona çox adam baxacaq. Deməli, bu adamın daxilində özünə, sənətinə xəyanət var da. Sabah onu məmur da qoysan, o rüşvət alacaq. Hara qoysan, o mənfi xarakter özünü biruzə verəcək. Bu insan fərd olaraq sağlam sütuna sahib deyil. Mahnıya baxış sayının çox olması sadəcə sənə bir az şöhrət qazandıracaq. Amma kim tanıyacaq? Bayağı zövqü olan, sənətdən anlamayan təbəqə. Bu təbəqə də səni tarixdə saxlamayacaq. Mən fikir verirəm, Türkiyədə biri bir yaxşı iş görür, bir müddət sonra başqası ondan da yaxşı iş qoyur ortaya. Bizdə tam əksi olur. Biri bərbad bir iş görür, o biri ondan da betərini nümayişə çıxarır. Belə biabırçılıq olar?
- Amma reytinq də qazanırlar.
- O reytinq deyil. Mən bir ingilis psixoloqun kitabını oxumuşdum. Mənəvi deqradasiyaya uğramış cəmiyyətlər haqqında yazırdı. Eyni ilə bizim cəmiyyət kimi. Yazır ki, mənəvi deqradasiyaya uğramış cəmiyyətlərdə insanların on faizi düşünür, doxsan faizi təkrarlayır: gördüyünü təkrarlayır, eşitdiyini təkrarlayır. Həmin doxsan faiz kütlədir bu adamlara milyonlarla baxış verən. Kütlə zövqsüzlük xəstəliyinə tutulub və bataqlıq içindədir. Kütlə bu dövrdə - texnologiya, elm, təhsil və mədəniyyət dövründə evlənmək üçün bakirə qız axtarır, insanları dini inancına yaxud inancsızlığına, cinsi orientasiyasına görə şallaqlayır, daşqalaq edirlər. 2019-cu ildə Azərbaycan insanı həyat yoldaşı ona xəyanət edəndə videoya çəkib paylaşır. Bu kütlə ciddi musiqiyə qulaq asmaz da. Çünki təfəkkür xarabdır.
- Bəs Azərbaycan auditoriyası üçün ciddi musiqi nədir? Musiqinin ciddiliyi hansı meyarlarla təyin edilir?
- Ciddi musiqi bir az başqa şeydir: opera, simfoniya və digər sanballı əsərlər. Bir də var mahnı janrında ciddi nümunələr. Musiqi ilə məşğul olan bilikli insanlar adi bir musiqi parçasına qulaq asanda bilir ki, bu hayağıdır, yüngüldür, keyfiyyətsizdir, yoxsa yox. Bu xalq isə yüngüldən yapışıb. Ona görə ki, oxumur, öyrənmir. Yenə deyirəm, bütün problemlərin başında mütaliəsizlik dayanır. Təklif tələbatdan yaranır.
- Bütün söhbət zamanı problemlərdən danışdıq. Müasir musiqimizin bir sıra ciddi problemlərindən danışdınız: bayağılaşma, peşəkar musiqinin azlığı və efirə yol tapmaması, kütlənin zövqsüzləşməsi və s. Bəs bu problemlərin həll yolu nədir?
- Hərdən biz deyirik ki, efir nəyi göstərirsə, xalq da ona baxır, problem efirdədir. Amma mən belə düşünmürəm. Bu gün hamının əlində telefon və internet var. Bu, o deməkdir ki, hamının əlində bir televiziya var. Əgər efir ona maraqlı, ciddi məhsul təqdim etmirsə, özünə, marağına, zövqünə uyğun materialları internetdən izləyə bilər. Məsələn, Mədəniyyət kanalı var bizdə. AzTv var. Hamı onları pisləyir, amma mən həmişə tərifləmişəm. İnsanlar baxmırlar da. O kanallara bu gün reklam verən yoxdur. Niyə? Çünki baxan yoxdur. Halbuki, o kanallar kifayət qədər ciddi verilişlər yayımlayırlar. Digər kanalların hamısı özəldir. Neyləməlidirlər? Pul qazanmalıdırlar. Onlar ciddi əsərlərdən, ciddi musiqilərdən veriliş hazırlasalar, baxan olmasa, müflis olacaqlar. Xalq maariflənməlidir. Konkret nə etmək lazım olduğunu bilmirəm. Məncə, xalqın təfəkkürü bir az irsi xarakter daşıyır. Bu xalqın özündə maarifçiliyə, azad düşüncəyə, elit yaşama meyllilik olmalıdır. Amma yoxdur. Mən sizə adicə bir nümunə çəkim. Gürcüstanda, Tiflisdən Rustaviyə qədər gələndə ab-havaya, insanlara baxırsan, həyata pozitiv yanaşma, xoş ab-hava var. Şəhər köhnə, yollar uçuq-sökük, amma insanlar sərbəst, xoşbəxtdirlər. 20-30 kilometr, çox yox, keçirsən azərbaycanlılar yaşayan tərəfə - eyni sistemidir, eyni ölkədir, eyni dövlətdir - insanlarda qaragüruhluq var. Bir oğlan qulağında sırğa ilə Rüstavidə gəzəndə ona heç kim baxmır, heç kim gülmür, heç kim onu narahat etmir, amma həmin oğlan həmin görünüşdə azərbaycanlılar yaşayan tərəfə keçəndə hamı ona qəribə-qəribə, rişxəndlə baxır. Deyirlər ki, problem ölkədədir. Axı Gürcüstanda bu iki zümrənin ikisi də eyni ölkədə yaşayır. Deməli, bizim millətin genetikasında yeniliyə, müasirliyə meyillilik yoxdur.
- Bəlkə burda genetik faktor yox, tərbiyə amili rol oynayır?
- Yaxşı vurğuladınız. Belə bir anlayış var: yamsılamaq vərdişi. Biz hər birimiz doğulanda, göz açıb ətrafı görəndə hər şeyi yamsılamağa çalışırıq. Bu gün istənilən uşaqlı bir evə gedin, o uşaq əlinizdə telefon görən kimi ağlayacaq ki, "mənə ver". Sizin əlinizdə kitab görsə, istəməyəcək. Amma telefon üçün ağlayacaq. Çünki gözün açıb və atanın-ananın əlində telefon görüb. O öz ata-anasının əlində kitab görsə, hamıdan kitab istəyəcək. Deyirlər ki, ata-babamız belə edib, belə yaşayıb və s. Mənim ata-babam səhv edib, səhv yaşayıb, yanlış düşünüb. Başdan ayağa yanlış həyat sürüb. Mən o səhvi etmək məcburiyyətində deyiləm ki. Bu cəmiyyət də gördüklərini yamsılaya-yamsılaya böyüyür.
- Amma bizim maarifçilərimiz, böyük istedadlarımız, dahilərimiz də çoxdur.
- Var, düzdür. Amma mən bunun səbəbini sovet dövrü hakimiyyətində görürəm. "Dəli Kür" filmində görmüsüz, orda kəndbəkənd gəzib gəncləri Qori Seminariyasına aparırlar. Tarixə baxsaq görərik ki, 20-ci əsr dahilərimizin əksəriyyəti Qori-nin tələbələridir. Rus hakimiyyəti – Çar və Sovet dövrü bizim üçün çox sənətkarlar yetişdirdi. Üzeyir Hacıbəyov, Tofiq Quliyev, Qara Qarayev, Fikrət Əmirov, Xəyyam Mirzəzadə və digər böyük bəstəkarlarımızın hamısı o dövrün yetirmələridirlər. Üzr istəyirəm, rus bizi adam edib. 30 ildir müstəqil respublikayıq. Niyə belə bir dahi yetişmədi? Xalq həmin xalq, ölkə həmin ölkədir.
- Şəhriyar Məhərrəmov bu gün televiziya, radio sahəsinə rəhbərlik etsəydi, hansı islahatları aparardı?
- Birinci növbədə televiziya aparıcılarını müəyyən kurslara göndərərdim ki, efirdə danışıq və davranış normalarını öyrənsin. İkinci növbədə avadanlıq məsələsini həll edərdim. Bizdə pavilyonlar pis gündə, iki kamera ilə veriliş çəkilir, dekorasiya qurulub sökülməkdən sıradan çıxır. Televiziyalar yeni və müasir avadanlıqla, geniş məkanla təmin olunmalıdır. Repertuar nizamlanmalıdır. Bayağı, meyxanafason mahnılara və onların ifaçılarına efir qadağası qoyulmalıdır.
- Belə çıxır ki, senzuranın tərəfdarısınız?!
- Bilirsiz necədir? Məsələn, bizdə ateizmdən bəhs olunanda, ateistlər ölkədə hamının ateist olmasını istəyirlər. Amma mən bu cəmiyyət üçün bunun tərəfdarı deyiləm. Din cəmiyyəti müəyyən qədər nizam-intizamda saxlayır. Bizim cəmiyyətə tam demokratiya da lazım deyil. Bu cəmiyyət nədənsə qorxmasa, çəkinməsə, idarəolunmaz hala gələr.
- Amma belə deyib cəmiyyətin demokratiya haqqını əlindən almaq olmaz.
- Çətin məsələdir. Ən azından, bu gün mental dəyərlərə sahib, radikal nəslin sonuncu nümayəndəsi də bitənə qədər belə olmalıdır.
- Son olaraq, "Abşeron" qrupunun gələcək planları nədir?
- Yeni kliplər, mahnılar var planda. Yeni saytımız istifadəyə veriəcək yaxın günlərdə: "absheronqrupu.az" Bizdə müğənni üçün yeganə gəlir yeri toydur. Nə albomun satıldığı dövrdür, nə azərbaycanlı dinləyici pul verib internetdən mahnı yükləyir, nə o qədər baxış sayı olmur ki, Youtube reklamlarından gəlir gəlsin, nə də ki, hər gün konsert verib bilet sata bilirik. Azərbaycanda müğənni toya getməsə, dolana bilməz. Biz bunun paralelində sənət nümunələri yaratmağa çalışırıq.