Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycanlı müğənni beynəlxalq müsabiqədə "uduzduğunu" toylardan qazanacaq

Abunə olmaq
"Bu müsabiqə mənə böyük maddi problemlər yaratdı. İndi toylarda çıxış edərək itirdiyim pulları geri qaytarmalı və borclarımı ödəməliyəm"

BAKI, 3 oktyabr — Sputnik. Azərbaycanlı müğənni Nofəl Aslanov İtaliyada keçirilən "San Remo Newtalent" beynəlxalq vokal müsabiqəsində ölkəmizi təmsil etmək üçün borca girmək məcburiyyətində qalıb.

Sputnik Azərbaycan-a müsahibəsində ifaçı etiraf edib ki, bu layihədə iştirak etmək onun çoxdankı arzusu olub. Bu dəfə müğənni risk etmək və öz anketini müsabiqəyə göndərmək qərarına gəlib. Onun ifası layihə təşkilatçılarının o qədər xoşuna gəlib ki, onlar dərhal müğənninin ərizəsinə cavab veriblər və onu İtaliyaya dəvət ediblər.

"Mən çox şadam ki, arzum nəhayət yerinə yetdi. Bütün işlərimi bir kənara buraxıb İtaliyaya yollandım. Müsabiqədə müxtəlif ölkələrdən, eləcə də Ukrayna, Rusiya, Fransa və digərlərindən 100-dən artıq ifaçı iştirak edir. İştirakçıların əksəriyyəti italyanlardır. Mən layihədə iştirak edən yeganə azərbaycanlıyam" — deyə Aslanov daha öncə "Facebook" sosial şəbəkəsində yazıb.

"San Remo Newtalent"ın digər müsabiqələrdən fərqi odur ki, orada hər dəfə üç yaş kateqoriyasında insanlar iştirak edir: uşaqlar, gənclər və böyüklər. Hər bir kateqoriyada 30 ifaçı iştirak edir.

Münsiflər heyətinə İtaliyanın tanınmış mədəniyyət xadimləri və məşhur müğənniləri daxildir. Müğənninin sözlərinə görə, belə məşhur insanların qarşısında çıxış etmək onun üçün böyük şərəf və eyni zamanda böyük məsuliyyətdir. Müsabiqədə o, əsasən, repertuarındakı italyan mahnıları ilə çıxış edib.

"Təəssüf ki, müsabiqədə Azərbaycan mahnılarını ifa edə bilmədim. İtalyanlar vətənpərvərdirlər və onların ana dilində — italyanca mahnı ifa edən iştirakçılara üstünlük verirlər. Hətta bəzən italyanlar özləri ingilis dilində mahnı oxuyanda münsiflər onlara irad bildirirdilər" — deyə Aslanov bildirib.

Müğənni "San Remo Newtalent" layihəsində Azərbaycanı yüksək səviyyədə təmsil edib və əvvəl düşünüb ki, müsabiqədə ilk 3 yerdən birini tutacaq. Çünki həm tamaşaçıların alqışları, həm də münsiflərin verdikləri yüksək qiymət bunu deməyə əsas verirdi. Lakin heç də hər şey gözlənildiyi kimi olmayıb.

"Gözləyirdim ki, mənə ilk 3 yerdən birini verəcəklər. Təəssüf ki, münsiflər öz həmvətənlərini seçmək və bütün nominasiyaları italiyalı müğənnilərə vermək qərarına gəldilər. Yəqin onlar düşünüblər ki, birinci yeri azərbaycanlıya vermək düzgün deyil, baxmayaraq ki, mənim istedadım var. Hələ müsabiqənin gedişində mən münsiflər heyətinin öz iştirakçılarına daha çox üstünlük verdiyini hiss etmişdim" — deyə Aslanov təəssüflə bildirib.

Müğənni müsabiqədə dördüncü yeri tutsa da, buna görə zərrə qədər də peşman deyil, baxmayaraq ki, böyük maliyyə çətinlikləri ilə üzləşib. Heç kəs Aslanova dəstək verməyib. Onun sözlərinə görə, müsabiqədə iştirak etmək üçün borc götürməli olub ki, aviabiletin pulunu və İtaliyada qalmaq xərclərini ödəyə bilsin.

"İtaliya çox bahalı yerdir. Mən bunu bilirdim, ancaq müsabiqəyə getmək qərarına gəldim ki, ölkəmi layiqincə təmsil edim. Düşünürəm ki, bu məndə alındı. Lakin bu müsabiqə mənə böyük maddi problemlər yaratdı. İndi toylarda çıxış edərək itirdiyim pulları geri qaytarmalı və borclarımı ödəməliyəm" — Aslanov deyib.

Hazırda müğənni digər musiqi layihələri üzərində də işləyir və yaxın zamanlarda onları təqdim etmək niyyətindədir.

Qeyd edək ki, Nofəl Aslanov Türkiyədə keçirilən "O səs Türkiyə" beynəlxalq vokal müsabiqəsində də iştirak edib. Uzun müddət İtaliyada təhsil alıb. Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının yetirməsidir.

Xəbər lenti
0