BAKI, 25 yanvar – Sputnik. Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, komitə sədri Arif Rəhimzadə komitənin 2018-ci il payız sessiyasında gördüyü işlərdən danışıb, iş planı barədə məlumat verib.
O, bildirib ki, komitənin 2018-ci ilin payız sessiyasında 7 iclası keçirilib və 16 məsələ müzakirə edilib: “Onlardan 14-ü qanun layihələridir. Komitənin ünvanına daxil olmuş 86 təklif, ərizə və şikayətin 52-si araşdırılıb lazımi tədbirlər görülməsi üçün müvafiq təşkilatlara göndərilib”.
A.Rəhimzadə deyib ki, komitənin 2019-cu il yaz sessiyası üçün iş planında “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunlarda, Torpaq Məcəlləsində dəyişikliklərin Milli Məclisin yaz sessiyasının müzakirəsinə çıxarılması nəzərdə tutulur.
“Bundan başqa, iş planına “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda, “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də, “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə qanun layihələri daxil edilib” – deyə komitə sədri bildirib.