BAKI, 21 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, bəzi yerlərdə duman olacaq.
Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 0-3, gündüz 7-10, Bakıda gecə 1-3, gündüz 8-10 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında yanvarın 22-də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə: Yanvarın 22-23-də Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.