Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan
BAKI, 19 yanvar — Sputnik. Bir neçə gün ərzində ölkənin gündəmini zəbt etmiş təbiət hadisəsi geridə qaldı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanda mövcud olacaq ifrat hava şəraiti ilə bağlı xəbərdarlığının müddəti başa çatdı.
Maraqlıdır, 17-18 yanvar tarixlərində ölkə ərazisində əsən külək vətəndaşları hansı problemlərlə üz-üzə qoydu? İnsanlar nə kimi hadisələrlə, çətinliklərlə qarşılaşdılar?
Sputnik Azərbaycan bu suallara cavab tapmaq üçün sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Sorğumuzda iştirak edənlərin cavablarını olduğu kimi təqdim edirik:
Əzizə İsmayılova: "Dənizdəki balıqlar bəlkə görüb ifratı. Bizdə həmişəki hava şəraitidir".
Nicat Zeynallı: "Hər şey normaldır, heç yerdə anormal hadisə baş verməyib. Nə külək, nə qar, nə də qasırğa görmədim".
Aysel Aslan: "Hüseyn Cavid prospektində "Mothercare" mağazası ilə üzbəüz yerləşən dayanacaq uçdu. Avtobus gözləyən sakinlər ətrafına yığışmışdı. Çox təhlükəli vəziyyətdə idi. Bundan başqa, həmin istiqamətdə - İncəsənət Universitetinin ətrafında bir neçə reklam plakatları, apteklərin qarşısında yerləşdirilən lövhələr dağılmışdı".
Şahpəri Abbasova: "Qaxda tam sakitlikdir, əksinə, külək yoxdur, narın-narın yağış yağırdı".
İsgəndər Qənbərov: "Bakının adi küləyidir. Bundan da güclü küləklər görmüşük".
Elşən Allahverdiyev: "Həmişə olduğu kimi Bakı küləyidir. Axı Bakı küləklər şəhəridir".
Həmidə Rüstəmova: "Heç nə baş verməyib. Düzü, həm bir fəlakətin də olmasını istəmirdim. Sevinirəm ki, hava belə keçdi".
Gülnarə İnanc: "Müasir dayanacaqların külək nəticəsində dağıldığı xəbəri yayılıb. Düşünürəm ki, bu dayanacaqları külək dağıda bilməz. Onun bəzi yerlərində şüşələri insanlar sındırıb".
Bədəlov Röyal: “Xalqlar dostluğu” metro stansiyası tərəfdə maşının ön hissəsinin qapağı (kapotu) yerindən qopub və külək onu aparıb".
Elnur Mədətoğlu: "Biz həmişə belə havalarda işə getmişik, məktəblər də, digər müəssisələr də adi qaydada işləyib. Suraxanıda hava yağışlı və küləkli idi, hər şey yaxşı, yəni adi gündəki kimi idi, bir az küçələrdə insanlar, maşınlar azalmışdı”.
Elşad Mətləboğlu: "Səhərə kimi şəhərdə müşahidə apardım. Hava gecə saatlarından, təxminən, 3 radələrindən dəyişməyə başladı. Səhər 7 radələrində isə deyilən külək özünü büruzə verdi. Hövsanda dəhşətli külək var idi. Hövsan qaranlığa bürünmüşdü. Amma bundan da dəhşətli küləklərə rast gəlmişik".
Məhbubə Mehmanova: "Çox güclü külək əsirdi. 8-ci mərtəbədə çox güclü küləyin səsi eşidilirdi. Ancaq mən Ukraynada qalan zaman bundan da dəhşətli təbii fəlakətlərlə qarılaşırdım deyə, təşvişə düşmədim. Həmin günləri tətil etdiyi üçün Təhsil Nazirinə təşəkkür edirəm".
Qalib Rəhimli: "Güclü külək Gəncədə heç bir hadisəyə səbəb olmayıb. Amma nə gizlədək, əksər yaşayış massivlərində insanlar normal işıq görə bilmədi. Gəncə Avtomobil zavodunun binaları işıqsız qalıb. Eləcə də yeni salınan qəsəbələrdə, xüsusən Cavad xan qəsəbəsində əhali normal işıq görə bilmədi. Üstəlik qazın təzyiqi qəfil aşağı salındı. Yəni insanlar sanki imtahana çəkildi. Qar yox, tufan yox, şaxta yox... Bəs səbəb nədir ki, insanlar bu cür süni işgəncələrə məruz qalır?!"
Məsələ ilə bağlı millət vəkili Fazil Mustafa da öz “Facebook” səhifəsində fikrini bölüşüb: “Lağlağıya çox meylli cəmiyyətik. "Bu nə tufandır, bu nə borandır, məktəblərdə dərsi dayandırmağa lüzum vardımı" yazırlar. Sabunçu rayonu Pirşağı qəsəbəsində Sovxoz 2 adlanan yaşayış massivində bir neçə il öncə təmir olunmuş məktəbin damını güclü külək götürüb əraziyə dağıdıb. Məktəbə böyük maddi ziyan dəyib. Həm də hadisə məktəbdə dərs saatlarına dəng gələn vaxtda baş verib. Əgər məktəb açıq olsaydı, orada onlarla uşaq və valideyn xəsarət ala bilərdi. Təhsil Nazirinin iki günlük məcburi tətil qərarının nə dərəcədə əsaslı olduğu təsdiqləndi. Bu cür məsələlərdə qərəzlilikdən uzaq olmamız vacibdir. İnsan taleyi ilə bağlı atılan addıma bəsit yanaşmaq olmaz".