Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 12 yanvar — Sputnik. Bölgələrdə futbolun durumu heç də ürəkaçan deyil. Qarabağın aran rayonlarında da bu hal müşahidə olunur. Bərdə, Ağcabədi, Beyləqan, Tərtər, Füzuli rayonlarının heç futbol klubları mövcud deyil. Yeganə Qarabağ futbol klubudur ki, Ağdamı təmsil etsə də, oyun və məşqlərini, əsasən, Bakıda aparır. Qarabağın futbol ənənələrinə nəzər yetirəndə isə Bərdənin "Pambıqçı" klubunun zəngin keçmişə malik olduğunu görürük.
Bərdə şəhər 3 saylı tam orta məktəbdə idman müəllimi kimi çalışan 66 yaşlı futbolçu Əli Quliyev "Pambıqçı" futbol klubunun yaranması, keçdiyi yol haqqında Sputnik Azərbaycan-a danışıb.
O bildirib ki, 1978-ci ildə futbol meydançasının bünövrəsi qoyulub. 1980-ci ildə isə çempionata başlayıblar: "1997-ci ilə qədər komandamız eyni tərkiblə oynayıb. Oynadığımız müddətdə mükafatlara layiq görülmüşük. Komandamız müntəzəm olaraq yuxarı pillələrdə qərar tutub. 1997-ci ildə maddi çətinlik ucbatından komandamız fəaliyyətini dayandırdı".
"Pambıqçı" klubu fəaliyyətini bir müddət dayandırsa da, bir neçə il ötəndən sonra Bərdədə futbol yenidən canlanmağa başlayıb. Hələ üstəlik uğurlara da imza atıb: "2005-ci ildə Bərdə Rayon İcra Hakimiyyətinin başçısı İlham Ağayevin təşəbbüsü ilə "ABN" komandası yaradıldı. 2009-2010-cu illərdə mənim rəhbərliyimlə "ABN" çempion belə oldu. Komanda sonrakı illərdə sponsor dəstəyi ucbatından oyunlarını davam etdirə bilmədi. 2010-cu ildə isə, tamamilə, dağıldı".
Mövcud duruma görə üzülən, təəssüf hissi keçirən veteran futbolçu ötən günlərdən fəxrlə danışsa da, bölgə futbolunun sabahına ümidlə baxmır: ""ABN" dağılandan sonra Bərdədə futbol, demək olar ki, yoxdur. Meydança bərbad haldadır. Dəfələrlə icra başçısına deyilsə də, məhəl qoyulmur. 2005-ci ildə stadionu özümüz təmir etmişik. İndi isə baxımsızlıqdan oturacaqların hamısı sınıb, meydança bərbad hala düşüb".
Əli Quliyev iddia edib ki, oyunçusu olduğu "Pambıqçı" komandası çempionluğa yüksəlsə də, onun parlaq qələbəsini oğurlayıblar: "Sovetlər dövründə Bərdə, Ağdam, Zaqatala, Qax, Lənkəran, Masallı, Cəlilabad, Quba, Gəncənin "Metallurq" komandası aparıcı oyunçular idi. 1984-сü ildə biz çempion olmuşduq. "Termist" komandasını məğlub etmişdik. "Termist" "Neftçi" bazasının əvəzedicisi kimi fəaliyyət göstərirdi. Ancaq bizim Cəlilabad, Masallı oyunlarında qazandığımız xalı hesabımızdan sildilər. 55 xalla çempion olmuşduq, 54 elədilər. Bilərəkdən çempion olmağımıza imkan vermədilər. Mübahisəli vəziyyət yarandı, sona qədər getmək istəsək də, artıq oyun satılmışdı. Sonda birinci yeri "Termist" komandasına verdilər".
"Pambıqçı" komandası SSRİ respublikalarında da oynayaraq parlaq qələbələr qazanıb: "Sovetlər birliyi dövründə Bərdə futbolu ad çıxarmışdı. "Birlik" kubokunun final oyunlarına getmişdik. Yakutiya, Özbəkistan, Tacikistan, Belarusiyada olmuşduq. Ölkəmizə qələbələrlə qayıtmışdıq. Belarusiyanın "Molçanov " komandası ilə qarşılaşıb II yerə çıxmışdıq. Oyunumuza görə komandamızın bütün üzvlərinə Əməkdar idman ustası adı verilmişdi".
Qocaman futbolçu danışıqlarından bəlli olur ki, bölgələrdə futbolun hazırkı durumu heç də ürəkaçan deyil: "Qarabağ bölgəsində, demək olar ki, futbol yoxdur. Əvvəllər Yevlaxda "Karvan" komandası fəaliyyət göstərsə də, indi həmin klub da oyunlarını dayandırıb. Bərdədə komanda yoxdur. Ağcabədidə, Tərtərdə də futbol komandası əvvəldən olmayıb. Tək "Ağdam" komandası "Azərsun"un sponsorluğu ilə Bakıda oynayır".
Ə.Quliyevin sözlərinə görə, sponsor dəstəyi olsa, Bərdədə futbolun əvvəlki şöhrətini qaytarmaq mümkündür: "Bərdədə uşaq futbolu fəaliyyət göstərir. Amma böyük futbolu yoxdur. Bu da futbola göstərilən səyləri, zəhməti puç edir. 13-14 yaşa qədər oynayan uşaqlar komanda olmadığına görə sonrakı potensiallarını ortaya qoya bilmirlər. Komanda olmadığına görə futboldan uzaqlaşırlar. Özlərinə başqa yol seçməyə məcbur olurlar".
"Futbol asudə vaxtın keçirilməsi üçün çox vacibdir. Əvvəllər şənbə-bazar günləri futbol yarışları təşkil edirdik. Rayon sakinləri gəlib, vaxtlarını mənalı keçirirdilər. Bərdəlilər, ümumiyyətlə, futbol azarkeşidir. Qarabağ müharibəsinin ağır illərində belə, minlərlə sakin futbol yarışlarına tamaşa edirdi. 1993-cü ildə, müharibənin qızğın vaxtında Bərdənin futbol meydançasına 5000 azarkeş toplaşıb, yarış izləyirdi. Bütün meydan dolu olurdu" – deyə həmsöhbətimiz vurğulayıb.