Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Qonşu ölkədə tüğyan edən kabus barədə ciddi xəbərdarlıq

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidЭпидемический грипп и ОРВИ
Эпидемический грипп и ОРВИ - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə Nazirliyi: Sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb edir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Gürcüstanda H1N1 virusuna ("donuz qripi") yoluxmaların sayı günbəgün artır. H1N1 A virusunun daha çox epidemiya kimi yayılan formasıdır. Qeyd edək ki, hazırda qonşu ölkədə hər 100 min nəfərdən 270 nəfəri virusa yoluxub.

Aptekdə dərman rəfləri - Sputnik Azərbaycan
Qonşuda “donuz qripi”nə qarşı preparat çatışmır

Virusun epidemiya halını alması üçün hər 100 min nəfərdən 450-500 yoluxma halı qeydə alınmalıdır. Buna baxmayaraq, Gürcüstan xəstəxanalarında gücləndirilmiş rejim elan edilib. Hamilələrə və sosial cəhətdən imkanı olmayanlara həkim təyinatı ilə pulsuz dərmanlar verilir.

Etiraf edək ki, indi Azərbaycan vətəndaşlarını da bu məsələ narahat edir. Görəsən, ölkəmizdə də "donuz qripi" virusu varmı? Ümumiyyətlə H1N1 virusundan necə qorunmaq olar? Sputnik Azərbaycan vətəndaşları narahat edən bu suallara cavab axtarıb.

Tibb elmləri doktoru Adil Qeybulla qrip virusu haqqında ətraflı məlumat verib: "Hər bir virus həyatın qeyri-hüceyrəvi formasıdır, bir nukleotid zənciridir. Canlı orqanizmə düşərək onun resursları hesabına yaşayır, çoxalır. Ayrı-ayrı viruslar selektiv olaraq konkret hüceyrələrdə və ya bütün orqanizmin toxumalarında lövbər salaraq uzun müddət yaşayır. Onları sıradan çıxarır, bəziləri orqanizmdə yaşayır və mütəmadi olaraq baş qaldırır və ya iltihabi-infeksion proses yaradaraq bir müddətdən sonra məhv olub gedir".

"Qrip virusuna insanlar və heyvanlar yoluxur. Qrip mövsümi epidemiya sayılır, epidemiya və pandemiya törətmək xarakterinə görə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən karantin infeksiyaları qrupuna daxil edilib. Təxmini hesablamalara görə, hər il dünyada 500 min nəfərə qədər insan qrip və onun fəsadlarından dünyasını dəyişir. Bu gün elmə qrip virusunun 3 tipi (növü) və 2000-dən artıq subtitri (genetik müxtəlifliyi, ştammları) məlumdur. Qrip virusları A, B və C tipində olur" - deyə həkim bildirib.

Onun sözlərinə görə, A tip qrip virusu ən təhlükəli və epidemiyalara səbəb olan virus sayılır: "Onlara su hövzələrində yaşayan vəhşi quşlarda təsadüf edilir. 1918-ci ilin "ispan qripi" və 2009-cu ilin "donuz qripi" A tip qrip virusu olan H1N1 virusunun subtitrləridir. 2005-ci ildə yayılan "quş qripi" isə A virusunun H5N1 ştammıdır. A tip qrip virusunun digər ştammlarına H1N2, H2N2, H7N2, H7N3, H7N7, H9N2, H10N7 virusları aid edilir. A tip viruslara həm heyvanlar, quşlar, həm də insanlar yoluxur".

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri - Yolçu Həsənov (Xanvəli) - Sputnik Azərbaycan
Azərbaycanda “donuz qripi” təhlükəsi varmı - Yolçu Xanvəli danışır

A.Qeybulla qeyd edib ki, qrip virusu hava damcı yolu ilə ötürülür. Ona görə də ictimai yerlərdə, insanların kütləvi toplanma yerlərində tibbi maskalardan istifadə etmək faydalıdır: "Virus günəş şüası, dezinfeksiyaedici maddələrin və təmizləyici vasitələrin təsiri altında fəallığını itirir və ya məhv olur. Sabunun yaratdığı qələvi mühit də virusu inaktivasiya etmək qabiliyyətinə malik olduğundan əllərin mütəmadi olaraq sabunla yuyulması vacibdir".

Mütəxəssisin sözlərinə görə, qrip virusunun yaratdığı infeksion prosesin əsas əlamətləri virusa yoluxmadan 1-2 gün sonra başlayan asqırma, boğaz ağrısı, qızdırma, öskürək ilə müşahidə olunur: "Həmçinin xəstədə titrətmə, əzələ ağrıları, kəskin baş ağrısı, öskürmə, ümumi halsızlıq, zəiflik, gözlərin yaşarması, gözlərin, boğazın, ağızın, sifət dərisinin, burunun qızarması, ürəkbulanma olur".

"Bunlar ümumi intoksikasiya əlamətləridir. Əslində, yuxarı tənəffüs yollarının katar və iltihabı ilə müşayiət olunan bütün xəstəliklərin hamısı qrip virusu ilə törədilmir. Burada Rynovirus-lar, Adenovirus-lar, ritteksiyalar, paraviruslar, H. influenzae, S. pneumoniae və burun-udlaq zonasında parazitlik edə bilən digər mikroorqanizmlər də kəskin respirator xəstəliklər törədə bilər" - deyə müsahibimiz diqqətə çatdırıb.

Həkim vurğulayıb ki, qrip zamanı ölüm və ağırlaşmaların səbəbi bir sıra hallarda ikincili infeksyanın qoşulması və onun yaratdığı ağır intoksikasiyadır: "Məsələn, 2009-cu ildə yayılan "donuz qripi"ndən ölənlərin tədqiqi zamanı məlum olub ki, onların əksəriyyəti qrip virusunun yaratdığı kəskin infeksion proses fonunda fəallaşan "Streptococcus pneumoniae" bakteriyasının yaratdığı ağır pnevmoniyadan, yəni ikincili infeksiyadan ölüb".

Tibb eksperti vurğulayıb ki, qripə yoluxma zamanı xəstəliyin ağırlaşmaması üçün xəstə yataq rejiminə keçməlidir: "İntoksikasiya zamanı maye itkisi çox olduğundan çoxlu maye qəbulu tələb olunur. Vitaminli qidalar qəbul etməli, yataq otağı mütəmadi ventilyasiya edilməlidir. Zərərli vərdişlərin qəbulunu qəti şəkildə dayandırmaq, soyuqdəymədən qorunmaq lazımdır. Özbaşına dərman (xüsusilə antibiotik) qəbuluna yol verilməməlidir".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycanda mövsüm ərzində "donuz qripi"nə yoluxma halları qeydə alınmayıb: "Mövsümi qripin və digər kəskin respirator infeksiyaların səviyyəsi son illərin orta göstəricisini aşmayıb. Lakin sərhədyanı ölkələrdə gərgin epidemioloji vəziyyətin davam etməsi ölkəmiz üçün real təhlükə kəsb etdiyindən profilaktik, müalicəvi və əksepidemik tədbirlərin həyata keçirilməsini tələb edir".

Qeyd edək ki, Respublika Taun Əleyhinə Stansiyanın laboratoriyasına tibb müəssisələrindən kəskin respirator əlamətlərlə müşahidə edilən xəstələrdən 867 nümunə daxil olub, ancaq "donuz qripi" aşkar olunmayıb.

Xəbər lenti
0